6 O gün işıq olmayacaq, işıq verən göy cisimləri qaralacaq. 7 Yalnız Rəbbin bildiyi xüsusi bir gün olacaq. Gecə də, gündüz də olmayacaq. Axşam vaxtı işıqlı olacaq. 8 [a] O gün Yerusəlimdən həyat verən sular axacaq. Suların yarısı Şərq dənizinə, yarısı isə Qərb dənizinə[b] axacaq. Yayda da, qışda da belə olacaq.
9 Rəbb bütün dünyanın padşahı olacaq. O gün yalnız Rəbb və Onun adı ucalacaq. 10 Bütün ölkə Gevadan Yerusəlimin cənubundakı Rimmona qədər Arava düzənliyi kimi olacaq. Amma Yerusəlim yüksəklikdə olacaq, Binyamin darvazasından ilk darvazanın yerinə, Künc darvazasına, Xananel qülləsindən padşahın üzümsıxanlarına qədər öz yerində duracaq. 11 [c] İnsanlar orada sakin olub asayiş içində yaşayacaq. Yerusəlim bir daha məhvə düçar olmayacaq.
12 Yerusəlimə hücum edən bütün xalqları Rəbb bu bəla ilə cəzalandıracaq. Ayaq üstə olanda bədənləri, hədəqələrindəki gözləri, ağızlarındakı dilləri çürüyəcək. 13 O gün Rəbb onları böyük təlaşa düçar edəcək. Hər kəs qonşusunun əlini tutacaq, bir-birinin üstünə hücum çəkəcək. 14 Yəhudalılar da Yerusəlimdə vuruşacaq. Ətrafdakı bütün millətlərin sərvəti, çoxlu miqdarda qızıl, gümüş və paltar toplanacaq. 15 Düşmən ordugahlarındakı bütün heyvanlar da – atlar, qatırlar, dəvələr və eşşəklər bu cür bəlaya düçar olacaq.
16 Yerusəlimə hücum edən millətlərdən sağ qalanların hamısı Ordular Rəbbi olan Padşaha səcdə etmək və Çardaqlar bayramını keçirmək üçün hər il Yerusəlimə gedəcək. 17 Əgər yer üzündəki nəsillərdən hansısa Ordular Rəbbi olan Padşaha səcdə etmək üçün Yerusəlimə getməsə, onun ölkəsinə yağış yağmayacaq. 18 Misirlilər nəsli Yerusəlimə getməsə, onların torpağı suvarılmayacaq. Rəbb onlara da Çardaqlar bayramını keçirmək üçün Yerusəlimə getməyən bütün millətlərə verdiyi cəzanı verəcək. 19 Misirlilərə və Çardaqlar bayramını keçirmək üçün Yerusəlimə getməyən bütün millətlərə belə cəza veriləcək.
20 O gün atların zınqırovları üzərinə “Rəbbə həsr edilmiş” sözləri yazılacaq. Rəbbin evindəki qazanlar da qurbangahın önündəki ləyənlər kimi olacaq. 21 Yerusəlim və Yəhudada hər qazan Ordular Rəbbinə həsr olunacaq. Qurban kəsən adamların hamısı gəlib bu qazanlardan qurban ətini bişirmək üçün istifadə edəcək. O gün Ordular Rəbbinin evində artıq Kənanlı [d] qalmayacaq».
<- ZƏKƏRİYYƏ 13