7 [a] Qədim zamanlarda İsraildə belə bir adət var idi: qəyyumluq vəzifəsini icra edərkən və mal dəyişərkən müqavilə bağlanmasına şəhadət olsun deyə biri öz çarığını çıxarıb başqasına verərdi. Bu, İsraildə qəbul olunan razılaşma üsulu idi. 8 Qəyyum olan adam Boaza dedi: «Sən özün satın al». Sonra da o öz çarığını çıxardı. 9 Boaz ağsaqqallara və bütün xalqa dedi: «Siz də bu gün şahidsiniz ki, mən Elimelekin bütün mülkünü, Kilyon və Maxlonun bütün mülklərini Naomidən satın alıram. 10 [b] Mərhumun adı öz irsi üzərində qalsın deyə Maxlonun dul arvadı Moavlı Rutu da özümə arvad alıram. Qoy qardaşları arasından, yurd qapılarından mərhumun adı silinməsin. Siz də bu gün şahidsiniz». 11 [c] Darvaza yanına yığılan bütün xalq və ağsaqqallar dedilər: «Biz şahidik, qoy Rəbb sənin evinə gələn qadını İsrail evini quran iki qadın Rəhilə və Lea kimi etsin. Efratada qüdrətli işlər görəsən və Bet-Lexemdə adın tanınsın. 12 [d] Qoy Rəbb sənin evini bu gənc qadından verəcəyi nəsli Tamarın Yəhudaya doğduğu Peresin evi kimi etsin».
13 Boaz Rutu aldı və Rut ona arvad oldu. Boaz onun yanına girdi. Rəbb Rutun bətninə uşaq verdi və Rut oğul doğdu. 14 Qadınlar Naomiyə dedilər: «Rəbbə alqış olsun ki, bu gün sənə gələcək qəyyumunu verdi. Qoy onun adı İsraildə tanınsın. 15 Bu körpə səni canlandıracaq və qoca vaxtında səni saxlayacaq. Çünki onu sənə yeddi oğuldan daha yaxşı olan, səni sevən gəlinin doğmuşdur». 16 Naomi uşağı qucağına alıb gəzdirdi və onun dayəsi oldu. 17 Qonşu qadınlar ona ad qoyub dedilər: «Naomi üçün oğul doğulub». Onun adını Oved qoydular. O, Davudun atası olan Yesseyin atasıdır.