1 [a]Mələk mənə həyat suyu[b] axan çayı göstərdi. Bu çay büllur kimi parlaq olub Allahın və Quzunun taxtından çıxır 2 [c]və şəhərin baş küçəsinin ortasından axırdı. Çayın hər iki tayında on iki cür meyvə gətirən həyat ağacı var idi. O ağac hər ay meyvə gətirir. Onun yarpaqları millətlərə şəfa vermək üçündür. 3 [d]Daha lənətlənən heç bir şey olmayacaq. Allahın və Quzunun taxtı orada olacaq və qulları Ona ibadət edəcək. 4 Onlar Onun üzünü görəcək, alınlarında Onun adını daşıyacaqlar. 5 [e]Artıq gecə olmayacaq, heç kəsin çıraq və günəş işığına ehtiyacı olmayacaq. Çünki Rəbb Allah onlara işıq verəcək və onlar əbədi olaraq padşahlıq edəcək.
8 Mən Yəhya bunları eşitdim və gördüm. Eşidib gördükdə bunları mənə göstərən mələyə səcdə etmək üçün onun ayaqlarına düşdüm. 9 Amma o mənə dedi: «Yox, olmaz! Mən səninlə, peyğəmbər qardaşlarınla və bu kitabın sözlərinə riayət edənlərlə birgə Allah quluyam. Allaha səcdə et». 10 Yenə də mənə dedi: «Bu kitabın peyğəmbərlik sözlərini möhürləmə, çünki vaxt yaxındır. 11 [f]Haqsızlıq edən qoy daha da haqsızlıq etsin. Murdar olan daha da murdarlansın. Saleh olansa qoy daha da saleh işlər görsün. Müqəddəs olan daha da müqəddəs olsun».
12 [g]İsa deyir: «Budur, tezliklə gəlirəm. Verəcəyim mükafat Mənimlədir və hər kəsə öz əməlinə görə əvəz verəcəyəm. 13 [h]Alfa və Omeqa, Birinci və Sonuncu, Başlanğıc və Axır Mənəm!»
14 [i]Xalatlarını günahdan təmizləyənlər[j] nə bəxtiyardır! Bununla da həyat ağacından yeməyə icazələri olacaq, darvazalardan keçib şəhərə girəcəklər. 15 İt kimi murdarlar, sehrbazlar, əxlaqsızlar, qatillər, bütpərəstlər və yalanı sevib danışan hər kəssə kənarda qalacaq.
16 [k]Yenə deyir: «Mən İsa Öz mələyimi göndərdim ki, cəmiyyətlərə aid olan bu şəhadəti sizə versin. Mən Davudun Kökü və Nəsli, parlaq Dan Ulduzuyam».
17 [l]Ruh da, gəlin də deyir: «Gəl!» Qoy eşidən də desin: «Gəl!» Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün.
18 [m]Mən bu kitabın peyğəmbərlik sözlərini eşidən hər kəsə xəbərdarlıq edirəm: kim bunlara bir şey artırarsa, Allah da ona bu kitabda yazılan bəlaları artıracaq; 19 kim bu peyğəmbərlik kitabının sözlərindən bir şey götürərsə, Allah da bu kitabda yazılmış həyat ağacından və müqəddəs şəhərdən ona düşən payı götürəcək.
20 Bunlara şəhadət edən deyir: «Bəli, tezliklə gəlirəm!» Amin. Gəl, ya Rəbb İsa!
21 Rəbb İsanın lütfü hamıya[n] yar olsun! Amin.
<- VƏHY 21- a Yez. 47:1; Zək. 14:8
- b Həyat suyu – bəzi əlyazmalarda təmiz həyat suyu.
- c Yar. 2:9
- d Zək. 14:11
- e Yeş. 60:19; Dan. 7:18
- f Dan. 12:10
- g Zəb. 28:4; Yeş. 40:10; 62:11; Yer. 17:10
- h Yeş. 44:6; 48:12; Vəhy 1:8,17; 2:8
- i Yar. 2:9; 3:22
- j Xalatlarını günahdan təmizləyənlər – bəzi əlyazmalarda Əmrlərinə əməl edənlər.
- k Yeş. 11:1,10
- l Yeş. 55:1
- m Qanun. 4:2; 12:32
- n Hamıya – bəzi əlyazmalarda bütün müqəddəslərə.