Link to home pageLanguagesLink to all Bible versions on this site
18
Babilin dağılması
1 Bundan sonra göydən enən başqa bir mələyi gördüm. O, böyük səlahiyyətə malik idi. Yer üzü onun ehtişamı ilə işıqlandı. 2 [a]O, uca səslə nida edib dedi:
«Dağıldı! Böyük Babil dağıldı!
O, cinlərin məskəni,
Hər cür natəmiz ruhun sığınacağı,
Hər cür murdar quşun yuvası,
Hər cür murdar və mənfur vəhşi heyvanın oylağı oldu.[b]
3 [c]Çünki bütün millətlər
O qadının coşğun əxlaqsızlıq şərabından içdi.[d]
Yer üzünün padşahları
Onunla əxlaqsızlıq etdi.
Dünyanın tacirləri
Onun şəhvətpərəstliyi ilə qazanılan sərvətdən varlandı».

4 [e]Mən göydən belə deyən başqa bir səs də eşitdim:

«Ey Mənim xalqım, oradan çıxın ki,
Onun günahlarına şərik olmayasınız,
Onun uğrayacağı bəlalara düçar olmayasınız.
5 [f]Çünki onun günahları qalaqlanıb göyə çatdı,
Allah onun haqsız işlərini yada saldı.
6 [g]O nə etdisə,[h]
Siz də əvəzində ona belə edin.
Əməllərinin əvəzini ona ikiqat verin.
Tökdüyü kasadakı şərabın
İkiqatını töküb ona verin.
7 [i]Özünü nə qədər izzətləndirib
Şəhvətpərəstlik içində yaşadısa,
Ona o qədər də işgəncə və yas verin.
Çünki ürəyində deyir:
“Mən mələkə taxtında oturmuşam,
Dul deyiləm, əsla yas tutmayacağam”.
8 Buna görə də bir günün içində
Onun üstünə bəlalar gələcək,
Azara, yasa, aclığa düçar olacaq, odda yandırılacaq.
Çünki onu mühakimə edən Rəbb Allah qüdrətlidir».

9 [j]Onunla əxlaqsızlıq edən və şəhvətpərəstlik içində yaşayan yer üzünün padşahları onun yanğınından çıxan tüstünü görəndə onun üçün ağlayıb ah-nalə edəcəklər. 10 Onun çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanıb deyəcəklər:

«Vay, vay halına, böyük şəhər,
Möhkəm şəhər Babil!
Çünki bir saat içində cəzan çatdı».

11 [k]Yer üzünün tacirləri də onun üçün ağlayıb yas tutur, çünki onların malını – 12 [l]qızıl, gümüş, qiymətli daşlar və mirvariləri; incə kətan, ipək, tünd qırmızı və al rəngli parçaları; hər cür ətirli ağacı; fil sümüyündən, ən qiymətli ağacdan, tuncdan, dəmirdən və mərmərdən olan hər cür əşyanı; 13 darçın, hil,[m] buxur, ətirli yağ və kündürü; şərab, zeytun yağı, narın un və buğdanı; mal-qara, qoyunlar, atlar və arabaları; insan bədənləri və canlarını da artıq heç kəs almır. 14 Onlar deyirlər:

«Ürəyinin arzuladığı bəhrələr əlindən çıxdı,
Bütün cah-calallı malların yox oldu.
Heç kəs onları bir daha tapmayacaq».
15 [n]Orada bu mallarla varlanan tacirlər bu şəhərin çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanacaq və ağlayıb yas tutaraq deyəcəklər:
16 «Vay, vay halına,
İncə kətan, tünd qırmızı, al rəngli
Parçalardan paltar geyən,
Qızıl, qiymətli daşlar və mirvarilərlə
Bəzənən böyük şəhər!
17 [o]Çünki bu qədər var-dövlət
Bir saat içində viran oldu».
Bütün gəmi rəisləri, sərnişinlər, dənizçilər və dənizdə ticarət edənlərin hamısı uzaqda dayanaraq 18 onun yanğınından çıxan tüstüyə baxıb nida edirdilər: «Hansı şəhər bu böyük şəhərə tay ola bilər?» 19 Onlar başlarına toz töküb fəryad edir və ağlayıb yas tutaraq deyirdilər:
«Vay, vay halına,
Dənizdə gəmisi olanların hamısının
Oranın çox qiymətli malları ilə
Varlandığı böyük şəhər!
Çünki bir saat içində viran oldun».
 
20 [p]Ey göylər,
Müqəddəslər, həvarilər və peyğəmbərlər,
Onun halını bayram edin!
Onun sizin üçün çıxartdığı hökmü
Allah onun öz başına gətirdi.

21 [q]Bir güclü mələk dəyirman daşı boyda böyük bir daşı götürərək dənizə atıb dedi:

«Böyük şəhər Babil də
Belə zorakılıqla yıxılacaq,
Bir daha görünməyəcək.
22 [r]Çəng çalanların, müğənnilərin,
Tütək və şeypur çalanların səsi
Artıq səndən gəlməyəcək.
Hər cür sənətlə məşğul olan sənətkar
Artıq səndə olmayacaq.
Dəyirman səsi də
Artıq səndən gəlməyəcək.
23 [s]Çıraq işığı
Artıq səndə görünməyəcək.
Bəy-gəlin sədası
Artıq səndən gəlməyəcək.
Çünki sənin tacirlərin
Yer üzünün böyük adamları idi,
Bütün millətlər
Sənin sehrbazlığınla aldanmışdı.
24 [t]Peyğəmbərlərin, müqəddəslərin və
Yer üzündə kəsilənlərin hamısının qanı
O şəhərdə üzə çıxdı».

<- VƏHY 17VƏHY 19 ->