57
Məzmur 57
Musiqi rəhbəri üçün. Davudun «Al-taşxet» üstə oxuduğu miktamı.
*1Şam. 22:1; 24:3 Şauldan qaçıb mağarada gizlənəndə.
1 Mənə rəhm et, ey Allah, mənə rəhm et!
Canımı götürüb Sənin yanına pənah gətirmişəm.
Bəlalar keçib-gedənəcən
Qanadlarının altına sığınacağam.
2 Allah-Taalanı çağırıram,
Mənim üçün hər şeyi verən Allahı çağırıram.
3 Göydən mənə qurtuluş göndərəcək,
Başımı yemək istəyəni rüsvay edəcək.
Sela
Allah Öz məhəbbətini və sədaqətini göndərəcək.
4 Sanki aslanların arasındayam,
Yandırıb-yaxan adamların arasında yatıram.
Dişləri nizədir, oxdur,
Dilləri iti qılıncdır.
5 Ey Allah, göylər üzərində ucal!
Ehtişamın bütün yer üzərində olsun!
6 Yolumda tələ qurub canımı üzdülər,
Mənə qazdıqları quyuya özləri düşdülər.
Sela
7 Ey Allah, qəlbim Sənə möhkəm bağlanıb, möhkəm bağlanıb,
Qoy ilahi oxuyum, Səni tərənnüm edim.
8 Ey mənim ruhum, oyan!
Ey çəng və lira, oyan!
Qoy səhəri oyadım.
9 Ey Xudavənd, xalqlar arasında
Sənə şükür edəcəyəm.
Ümmətlər arasında
Səni tərənnüm edəcəyəm.
10 Məhəbbətin böyükdür, göylərə çatır,
Sədaqətin buludlara dəyir.
11 Ey Allah, göylər üzərində ucal!