Link to home pageLanguagesLink to all Bible versions on this site
3
Məzmur 3
Davudun məzmuru.
[a] Oğlu Avşalomun qarşısından qaçanda.
1 Ya Rəbb, düşmənlərim nə qədər çoxalıb!
Əleyhimə qalxanlar nə qədər artıb!
2 Mənim üçün çoxları deyir:
«Allahdan ona xilas yoxdur».
Sela[b]
 
3 Amma Sən, ya Rəbb, ətrafımda sipərsən,
Şərəfimsən, başımı ucaldan Sənsən!
4 Rəbbi ucadan səsləyirəm,
O, müqəddəs dağından mənə cavab verir.
Sela
 
5 Mən yatıram, yuxuya gedirəm,
Yenə oyanıram, çünki Rəbb mənə kömək edir.
6 Hər yandan məni mühasirəyə alan
On minlərlə xalqdan qorxmuram.
 
7 Qalx, ya Rəbb! Ey Allahım, məni qurtar!
Çünki Sən bütün düşmənlərimin əngindən vurursan,
Pislərin dişlərini qırırsan.
8 Qurtuluş Rəbdəndir,
Qoy Sənin xeyir-duan xalqının üzərində olsun!
Sela