Link to home pageLanguagesLink to all Bible versions on this site
20
1 Şərab insanları ələ salar,
Kefləndirici içki onları dalaşdırar,
Sərxoş olan müdrik olmaz.
 
2 Padşahın vahiməsi aslan nərəsinə bənzər,
Onu əsəbləşdirən canını itirər.
 
3 Münaqişədən çəkinmək insana şərəf gətirər,
Hər səfeh davaya girişər.
 
4 Mövsümündə kotan sürməyən tənbəl əkinçi
Biçin vaxtı heç nə tapmaz.
 
5 Ürəyin düşüncələri dərin sulara oxşar,
Dərrakəli adam onu çəkib çıxarar.
 
6 İnsanların çoxu sədaqətindən dəm vurar.
Amma sadiq adamı haradan tapmaq olar?
 
7 Saleh kamalı ilə yaşar,
Özündən sonra gələn nəsli bəxtiyar olar.
 
8 Nə zaman ki padşah hökm üçün taxta çıxar,
Gözləri ilə bütün pisliyi sovurar.
 
9 Kim deyər ki, qəlbimi təmizləmişəm,
Günahımı silmişəm?
 
10 Aldadıcı ölçü, aldadıcı çəki –
Hər ikisi Rəbdə ikrah yaradar.
 
11 Hətta uşaq da əməlləri ilə,
İşlərinin saf, doğru, yoxsa əksinə olması ilə tanınar.
 
12 Eşidən qulaq, görən gözlər –
Bunların hər ikisini yaradan Rəbdir.
 
13 Sevmə yatmağı, yoxsullaşarsan,
Ayıq ol, onda bol çörəyə çatarsan.
 
14 Müştəri deyər: «Pisdir, pis maldır»,
Amma alıb gedəndə özünü öyər.
 
15 Qızıl və çox yaqut var,
Amma ağıllı söz danışan dil qiymətli cəvahirdir.
 
16 Özgəyə zamin duranın libasını al,
Onu qəriblər üçün girov saxla.
 
17 Kələklə əldə edilən çörək əvvəlcə şirin olar,
Axırda ağzı çınqılla doldurar.
 
18 Nəsihət alaraq möhkəm qərar çıxar,
Müharibəni sağlam məsləhətlə apar.
 
19 Sözgəzdirən sirləri açıb yayar,
Gərək boşboğaza qoşulmayasan.
 
20 Kim ki atasına, anasına qarğış edər,
Zülmətə düşərkən çırağı sönər.
 
21 Tələsik alınan mülk
Axırda xeyir gətirməz.
 
22 Demə «bu pisliyin əvəzini çıxacağam»
Rəbbi gözlə, qoy O səni xilas etsin.
 
23 Fərqli çəki daşları Rəbdə ikrah yaradar,
O, aldadıcı tərəzidən xoşlanmaz.
 
24 Kişiyə addım atdıran Rəbdir.
Bəs tutduğu yolu insan necə anlasın?
 
25 Düşünmədən nəzir edən özünü tələyə salar,
Sonra öz əhdi barədə çox fikirləşməli olar.
 
26 Hikmətli padşah pisləri sovurar,
Onlar dəyirman daşında üyüdülər.
 
27 İnsanın ruhu Rəbbin çırağıdır,
Daxilinin dərin yerlərini araşdırar.
 
28 Padşahı məhəbbət və sədaqət qoruyar,
Taxtını xeyirxahlıq möhkəm saxlar.
 
29 Gəncləri qüvvəti şərəfləndirər,
Ağ saçlar qocalara zinət verər.
 
30 Yaralayıcı zərbələr pis insanı düzəldə bilər,
Kötəkləmək daxilin dərin yerlərinə təsir edə bilər.