Link to home pageLanguagesLink to all Bible versions on this site

NAHUM
PEYĞƏMBƏRİN KİTABI
GİRİŞ
«Nahum» Kitabı İsraillilərin qüdrətli düşməni olan Aşşurun paytaxtı Ninevanın süqutunu əvvəlcədən bildirən kitabdır. Miladdan əvvəl 614-cü ildə baş vermiş Ninevanın süqutu qəddar və təkəbbürlü millətin üzərində Allahın məhkəməsi kimi qiymətləndirilir.
Kitabın məzmunu:
1:1-15 Rəbbin Ninevadan aldığı qisas
2:1–3:19 Ninevanın dağılması

1 *Yeş. 10:5-34; 14:24-27; Sef. 2:13-15 Bu, Nineva haqqındakı xəbərdarlıq, Elqoşlu Nahumun görüntülərindən ibarət kitabdır.

Rəbbin Ninevadan aldığı qisas
2 Rəbb qısqancdır, qisas alan Allahdır,
İntiqam alır, qəzəblə doludur,
Düşmənlərindən qisas alır,
Yağılarına qarşı qəzəblidir.
3 Rəbb hədsiz səbirlidir, qüdrətlidir,
Təqsirkarı əsla cəzasız qoymaz,
Onun yolu qasırğadadır, fırtınadadır,
Buludlar ayaqlarının tozudur,
4 Dənizə əmr edib onu qurudar,
Bütün çayların sularını da qurudar,
Başan və Karmel meşələri saralır,
Livanın gül-çiçəyi solur.
5 Rəbbin hüzurundan dağlar titrəyir,
Təpələr əriyir,
Yer üzü Rəbbin önündə sarsılır,
Dünya və onun sakinləri lərzəyə gəlir.
6 Onun qəzəbinə qarşı kim dura bilər?
Qızğın hiddətinə kim tab gətirər?
Rəbbin qeyzi od kimi tökülər,
Qarşısında qayalar dağılar.
7 Rəbb xeyirxahdır, dar gündə sığınacaqdır,
Ona güvənənləri tanıyır.
8 Lakin O, Ninevanın olduğu yeri
Azğın sellərlə məhv edəcək.
Düşmənlərini zülmətə salacaq.
 
9 Rəbbə qarşı nə qəsd etsələr,
O hər şeyə son qoyacaq,
Onlardan bir daha bəla çıxmaz.
10 Tikanlar kimi bir-birinə dolaşmışlar,
Əyyaşlar kimi sərxoş olmuşlar,
Quru küləş tək tamamilə yanacaqlar.
11 Ey Nineva, Rəbbə qarşı pislik düşünən
Şər məsləhətçini sən yetirdin!
12 Rəbb belə deyir:
«Aşşurlular çox və güclü olsa da,
Yenə məhv olub gedəcək.
Ey xalqım İsrail, sənə çox əzab vermişəm,
Səni bir daha incitmərəm.
13 İndi boyunduruğunu parçalayıb,
Qandallarını qıracağam».
 
14 Ey Nineva, Rəbb sənin haqqında
Belə əmr verib:
«Artıq övladların olmayacaq, adını daşımayacaq,
Allahlarının məbədindən
Oyma bütləri, tökmə bütləri məhv edəcəyəm.
Qəbir qazacağam sənə, çünki alçaqsan!
15 *Yeş. 52:7 Budur, müjdə gətirənin
Ayaqları dağlar aşır, gəlir,
Sülh xəbəri gətirir.
Ey Yəhuda, bayramlarını keçir,
Əhdlərini yerinə yetir!
O pis millətin ayağı ölkəndən artıq keçməyəcək,
Çünki tamamilə məhv oldu».

NAHUM 2 ->