1 Bu hadisələrdən sonra Rəbb başqa yetmiş[a] nəfəri təyin etdi və onları iki-iki Özünün gedəcəyi hər şəhərə və hər yerə Özündən əvvəl göndərdi. 2 [b]Onlara dedi: «Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin. 3 [c]Gedin, sizi qurdların arasına quzular kimi göndərirəm. 4 Özünüzlə nə kisə, nə torba, nə də çarıq götürün. Yolda heç kimlə salamlaşıb danışmayın. 5 Hansı bir evə girsəniz, əvvəl “Bu evə əmin-amanlıq olsun!” deyin. 6 Əgər orada əmin-amanlığa layiq bir adam varsa, dilədiyiniz əmin-amanlıq onun üzərində qalacaq. Əks halda o sizə qayıdacaq. 7 Girdiyiniz evdə qalın, sizə nə verirlərsə, yeyib-için, çünki işçi öz haqqına layiqdir. Evdən evə köçməyin. 8 Hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul edirlərsə, qabağınıza qoyulanı yeyin. 9 Orada olan xəstələrə şəfa verin və onlara deyin: “Allahın Padşahlığı sizə yaxınlaşıb”. 10 Amma hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul etməsələr, oranın küçələrinə çıxıb belə deyin: 11 “Sizin əleyhinizə çıxaraq şəhərinizin ayaqlarımıza yapışan tozunu belə, çırpırıq. Amma bunu bilin ki, Allahın Padşahlığı sizə yaxınlaşıb”. 12 Sizə bunu deyirəm: qiyamət günü[d] Sodomun halı o şəhərin halından daha asan olacaq.
13 Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdi. 14 Amma qiyamət günü[e] Sur və Sidonun halı sizinkindən daha asan olacaq. 15 Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən.
16 [f]Sizi dinləyən kəs Məni dinləyir, sizi rədd edən Məni rədd edir. Məni rədd edənsə Məni Göndərəni rədd edir».
21 İsa o vaxt Müqəddəs Ruhda şadlanıb dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi. 22 [h]Atam[i] tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulun kim olduğunu Atadan başqa heç kəs bilməz. Atanın kim olduğunu da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs bilməz».
23 Sonra İsa şagirdlərə sarı dönüb onlara ayrıca dedi: «Nə bəxtiyardır o gözlər ki, sizin gördüklərinizi görür! 24 Sizə bunu deyirəm: bir çox peyğəmbərlər və padşahlar sizin gördüklərinizi görmək istədilər, amma görmədilər, eşitdiklərinizi eşitmək istədilər, amma eşitmədilər».
30 İsa belə cavab verdi: «Bir nəfər Yerusəlimdən Yerixoya gedən yolda quldurların əlinə düşdü. Quldurlar onu soyundurub döydülər və yarımcan halda qoyub getdilər. 31 Təsadüfən o yoldan bir kahin enirdi. Bu adamı görən kimi yolun o biri tərəfi ilə keçib getdi. 32 Bir Levili də ora yaxınlaşıb o adamı görəndə yolun o biri tərəfi ilə keçib getdi. 33 O yolla gedən bir Samariyalı isə bu adamı görəndə ona rəhmi gəldi. 34 Ona yaxınlaşdı və zeytun yağı ilə şərab tökərək yaralarını sarıdı. Sonra bu adamı öz heyvanına mindirib mehmanxanaya gətirdi və ona qayğı göstərdi. 35 Ertəsi gün o, iki dinar çıxarıb mehmanxana sahibinə verərək dedi: “Onun qayğısını çək. Əgər bundan da çox xərcin çıxsa, mən geri qayıdanda sənə verərəm”. 36 Səncə bu üç nəfərdən hansı quldurların əlinə düşən adamın qonşusu idi?» 37 Qanunşünas cavab verdi: «Ona mərhəmət göstərən». İsa da ona dedi: «Get, sən də elə et».
- a Yetmiş – bəzi əlyazmalarda yetmiş iki.
- b Mat. 9:37-38; Yəh. 4:35
- c Mat. 10:16
- d Qiyamət günü – hərfi tərcümədə o gün.
- e Qiyamət günü – hərfi tərcümədə mühakimədə.
- f Mat. 10:40; Mark 9:36-37; Luka 9:47-48; Yəh. 13:20
- g Zəb. 91:13
- h Yəh. 1:18; 3:35; 10:15
- i Atam – bəzi əlyazmalarda Şagirdlərə sarı dönüb onlara dedi: «Atam…
- j Mat. 22:35-40; Mark 12:28-34
- k Lev. 19:18; Qanun. 6:5
- l Lev. 18:5
- m Yəh. 11:1