Link to home pageLanguagesLink to all Bible versions on this site
24
Rəbbin hüzurunda yanan çıraq
(Çıx. 27:20-21)

1 Rəbb Musaya dedi: 2 «İsrail övladlarına əmr et ki, işıq yandırmaq üçün sənə zeytundan çəkilmiş xalis yağ gətirsinlər. Bu yağdan çıraqlar daima 3 Hüzur çadırında, şəhadət pərdəsinin bayır tərəfində yansın. Harun onu hər axşam Rəbbin hüzurunda yandırıb səhərə qədər nəzarət etsin. Bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun. 4 Rəbbin hüzurunda xalis qızıldan düzəlmiş çıraqdandakı çıraqlara daim nəzarət edilsin.

Təqdis çörəkləri
5 *Çıx. 25:30 Narın un götürüb hər kökə bir efanın onda ikisi qədər miqdarda on iki kökə bişir. 6 Onları Rəbbin hüzurunda xalis qızıldan düzəlmiş masaya, iki sıraya altı-altı qoy. 7 Çörək sıralarının üstünə xalis kündür qoy. Çörəklərin üstündəki kündür Rəbb üçün yandırma təqdimi, çörək yerinə xatirə təqdimi olsun. 8 Qoy bu çörəklər hər Şənbə günü daim Rəbbin hüzurunda düzülsün. Bu, İsrail övladları üçün əbədi əhddir. 9 *Mat. 12:4; Mark 2:26; Luka 6:4 Bu çörəklər Harunla övladlarının payıdır. Onlar bu çörəkləri müqəddəs bir yerdə yesinlər. Çünki bunlar Rəbb üçün verilən yandırma təqdimlərindən ən müqəddəs, Harun övladları üçün əbədi paydır».
Allaha küfr edənin sonu
10 Bir gün anası İsrailli, atası Misirli olan bir adam İsrail övladlarının arasına çıxdı. O, düşərgədə bir İsrailli ilə savaşıb 11 Allahın adına küfr və lənət etdi. O adamı Musanın yanına gətirdilər. Onun anası Dan qəbiləsindən Dibri qızı Şelomit idi. 12 O adamı həbs edib Rəbbin qərarını gözlədilər.

13 Rəbb Musaya belə dedi: 14 «Lənət edəni düşərgədən kənara çıxar; qoy bu lənəti eşidənlər əllərini o adamın başına qoysunlar. Sonra qoy bütün icma onu daşqalaq etsin. 15 İsrail övladlarına belə de: “Allahına lənət edən hər kəs öz günahının cəzasını çəkəcək; 16 Rəbbin adına küfr edən hər kəs öldürülməlidir. Bütün icma onu daşqalaq etsin; istər yadelli, istər yerli olsun, Allahın adına küfr etdiyinə görə öldürülməlidir.

17 *Çıx. 21:12 Başqa bir adamın canını alan hər kəs öldürülməlidir. 18 Heyvanı öldürən isə can əvəzinə can olaraq zərəri ödəsin. 19 Bir adam başqa adamı yaralayarsa, o nə cür edibsə, ona da belə edilsin: 20 *Çıx. 21:23-25; Qanun. 19:21; Mat. 5:38 sınıq əvəzinə sınıq, göz əvəzinə göz, diş əvəzinə diş; o adama nə cür yara vurubsa, ona da belə yara vurulsun. 21 Heyvan öldürən zərərini ödəsin. Adam öldürən isə özü öldürülsün. 22 *Say. 15:16 Sizdə istər qərib, istər yerli üçün ədalət bir olsun; çünki Allahınız Rəbb Mənəm”».

23 Musa İsrail övladlarına bunu dedi. Lənət edəni düşərgədən kənara çıxarıb daşqalaq etdilər. Rəbbin Musaya əmr etdiyi kimi İsrail övladları buna əməl etdilər.

<- LEVİLİLƏR 23LEVİLİLƏR 25 ->