3
Cəza və ümid
1 Rəbbin qəzəb dəyənəyindən
Mən əzab çəkirəm,
2 O məni apardı,
İşıqda deyil, qaranlıqda gəzdirdi.
3 Bütün gün – dəfələrlə qaldırdığı əli
Mənə qarşıdır.
4 Ətimi, dərimi çürütdü,
Sümüklərimi sındırdı.
5 Məni əzabla, cəfa ilə sarıdı,
Mühasirəyə saldı.
6 Çoxdan ölüb-gedənlər kimi
Məni zülmətdə yaşatdı.
7 Ətrafımı hər tərəfdən hasara aldı,
Məni zəncirləyib, qaça bilmirəm.
8 Fəryad edib mən imdad istəyərkən
O, duamın qarşısına sədd çəkdi.
9 Yonma daşlarla yollarımı kəsdi,
Onları dolaşdırdı.
10 Mənə ayı kimi pusqu düzəldir,
Gizlənib aslan kimi məni güdür.
11 Yoldan sürükləyib məni parçaladı,
Çarəsiz hala saldı.
12 Kamanının yayını çəkdi,
Məni Özü üçün bir hədəf etdi.
13 Çəkib oxdanından ox atdı,
Böyrəyimə sapladı.
14 Gün boyu xalqımın gülüş hədəfinə döndüm,
Məzhəkəli nəğmə ilə məni ələ salırlar.
15 O, acı otlardan mənə doyunca yedirtdi,
Yovşan suyunu içirtdi.
16 Dişlərimi çınqılla qırdı,
Kül içində məni diz çökdürtdü.
17 Salamatlıqdan canımı uzaq etdi,
Yaxşılığı unutdum.
18 Dedim: «Üzərimdən əzəmətim getdi,
Rəbdən ümidim kəsildi».
19 Əzabımı və sərgərdanlığımı,
Acı yovşanı və zəhəri yada sal.
20 Daim onları xatırlayıram,
Ona görə köksümdən ürəyim üzülür.
21 Amma bunları yada salarkən
Məndə ümid yaranır.
22 Rəbbin məhəbbətinə görə məhv olmadıq,
Çünki mərhəməti tükənməzdir.
23 Hər səhər bunlar təzələnir,
Sənin sədaqətin böyükdür.
24 Öz-özümə deyirəm: «Rəbb mənim nəsibimdir»,
Ona görə Rəbbə ümid bəsləyirəm.
25 Rəbb Ona güvənənlərə,
Onu axtaran könüllərə xeyirxahdır.
26 Rəbbə ümid bəsləmək,
Sakitcə bizə qurtuluş verməsini gözləmək nə yaxşıdır.
27 Yaxşı olar ki, insan
Boyunduruğunu gənc yaşından daşısın.
28 Qoy susub tənha otursun,
Axı Rəbb boynuna boyunduruq salıb.
29 Üzünü yerə sürtsün,
Bəlkə hələ ümid var.
30 İzin versin, qoy sifətinə vursunlar,
Qoy ona doyunca böhtan atsınlar.
31 Çünki Xudavənd əbədilik
Bizi Özündən kənar etməz.
32 Qəm-qüssə versə belə,
Bol məhəbbətinə görə rəhmə gələr.
33 Çünki ürəkdən istəyərək bəşər övladlarına əzab verməz,
Heç kimi kədərləndirməz.
34 Dünyadakı bütün əsirlərin ayaq altında əzilməsini,
35 Haqq-Taalanın hüzurunda insanın
Öz haqlarından məhrum olmasını,
36 İnsanın ədalətdən məhrum olmasını
Xudavənd heç görmürmü?
37 Xudavənd əmr verməsə,
Kimin dediyi həyata keçər?
38 Həm xeyir, həm də şər,
Haqq-Taalanın əmri ilə gələr.
39 Öz günahının cəzasından
Sağ qalan insan niyə şikayətlənir?
40 Qoy yollarımıza diqqətlə baxaq,
Rəbbə yenidən üz tutaq.
41 Göylərdəki Allaha əllərimizi,
Həm də ürəklərimizi açaq.
42 Deyək: «Biz qanunsuzluq və üsyankarlıq etdik,
Bunu bizə bağışlamadın».
43 Qəzəbə bürünmüsən, bizi təqib etmisən,
Aman vermədən öldürmüsən.
44 Özünə buludlardan örtük çəkdin,
Onların arasından dua keçmir.
45 Xalqlar arasında
Bizi zibilə, tullantıya çevirmisən.
46 Bütün düşmənlərimizin bizə qarşı
Ağızları açıldı.
47 Dəhşət və çuxur,
Məhv və qırğın birlikdə başımıza gəldi.
48 Qırılan əziz xalqıma görə
Gözlərimdən sel kimi yaş axdı.
49 Dinmədən, dayanmadan
Gözlərimdən yaş axacaq,
50 Rəbb göylərdən aşağıya baxana qədər,
Olanları görənə qədər.
51 Şəhərimdəki hər qızın taleyini görərkən
Ürəyimi kədər bürüyür.
52 Nahaq yerə mənə düşmən olanlar
Məni quş tək ovladılar.
53 Quyuya salıb məni öldürmək istədilər,
Daşqalaq etdilər.
54 Sular başımdan aşdı,
Dedim: «Ömrüm sona çatdı».
55 Ya Rəbb, ismini
O quyunun dibindən səslədim.
56 «Qulağını tıxama, fəryadımı dinlə» deyərkən
Səsimi eşitdin.
57 Səni çağıranda yanıma gəldin,
Mənə «qorxma» söylədin.
58 Ey Xudavənd, mənim əməlimə baxdın,
Həyatımı satın aldın.
59 Ya Rəbb, başıma gətirdikləri şəri gördün,
Bu iş barədə hökmünü ver.
60 Mənə bəslədikləri kini,
Mənə qarşı qurulan fəndləri gördün.
61 Ya Rəbb, mənə etdikləri həqarəti eşitdin,
Əleyhimə fənd qururlar.
62 Əleyhdarlarımın pıçıltısını,
Gün boyu mənə qarşı mırıltısını eşitdin.
63 Onların oturuşuna-duruşuna bax,
Onlara məzhəkə nəğməsi olmuşam.
64 Ya Rəbb, onların əllərinin əməllərinə görə
Əvəzini verəcəksən.
65 Onların qəlbini inadkar et,
Qoy lənətin onların üstünə gəlsin.
66 Ya Rəbb, qəzəbinlə onları qov,