7 Rəbb Yeşuaya dedi: «Bu gün Mən səni bütün İsraillilərin gözündə ucaltmağa başlayacağam ki, onlar Musa ilə olduğum kimi səninlə də olduğumu bilsinlər.
8 Sən isə Əhd sandığını daşıyan kahinlərə əmr edib deyəcəksən: “Siz İordan çayının kənarına çatanda İordan çayına girib dayanın”».
9 Yeşua İsrail övladlarına dedi: «Buraya yaxınlaşın və Allahınız Rəbbin sözlərini eşidin». 10 Yeşua dedi: «Var olan Allahın aranızda olmasını buradan biləcəksiniz ki, O sizin önünüzdən hökmən Kənanlıları, Xetliləri, Xivliləri, Perizliləri, Qirqaşlıları, Emorluları və Yevusluları qovacaq. 11 Budur, bütün yer üzünün Sahibinin Əhd sandığı sizin önünüzdən keçib İordan çayına girəcək. 12 İndi isə özünüzə hər qəbilədən bir adam olmaqla İsrail qəbilələrindən on iki adam götürün. 13 Bütün yer üzünün Sahibi Rəbbin sandığını daşıyan kahinlərin ayaqları İordan çayının sularına dəyən kimi çayın suları kəsiləcək, yuxarıdan axan sular yığın halında dayanacaq».
14 Xalq çadırlarından çıxıb İordan çayını keçmək üçün irəliləyirdi və Əhd sandığını daşıyan kahinlər xalqın önündə gedirdilər. 15 Biçin ərzində İordan çayının suları daşıb sahilləri basırdı. Sandığı daşıyan kahinlər İordana girəndə və onların ayaqları çayın sularına dəyəndə 16 yuxarıdan axan sular çox uzaqda Sartan yanında olan Adam şəhərində yığın halında dayanıb qalxdı. Arava dənizinə, yəni Duz dənizinə axan sular tamamilə kəsildi. Xalq çayı Yerixonun qarşısından keçdi. 17 Rəbbin Əhd sandığını daşıyan kahinlər isə İordan çayının ortasında quru yerdə möhkəm durmuşdular. Bütün İsraillilər İordan çayını tamamilə keçənə qədər quru yerdə gedirdilər.
<- YEŞUA 2YEŞUA 4 ->