8 Casuslar yatmazdan əvvəl qadın dama – onların yanına çıxdı. 9 O bu adamlara dedi: «Mən bilirəm ki, Rəbb bu torpağı sizə verib. Siz bizi dəhşətə saldınız və bu torpağın bütün sakinləri sizin qarşınızda əsir. 10 *Çıx. 14:21 *Say. 21:21-35 Çünki Misirdən çıxdığınız zaman Rəbb Qırmızı dənizin sularını qarşınızda necə qurutduğunu və İordan çayının o tayında məhv etdiyiniz iki Emor padşahı Sixonla Oqa nə etdiyinizi eşitmişik. 11 Biz bunları eşidəndə ürəyimiz qorxuya düşdü və vahimənizdən heç kimin taqəti qalmadı; çünki Allahınız Rəbb yuxarıda göyün və aşağıda yerin Allahıdır. 12 İndi rica edirəm, Rəbbə and için ki, sizə xeyirxahlıq etdiyim üçün siz də mənə və atamın külfətinə xeyirxahlıq edəcəksiniz. Mənə etibarlı bir nişanə verin ki, 13 atamı, anamı, qardaşlarımı, bacılarımı, onların yanında olan hər kəsi sağ qoyacaqsınız və canımızı ölümdən qurtaracaqsınız». 14 Adamlar isə ona dedilər: «Əgər bu işimizin üstünü açmasanız, canımızı belə, sizə fəda edərik. Rəbb bu torpağı bizə verən vaxt sənə xeyirxahlıq və sədaqət göstərərik».
15 O vaxt qadın onları kəndirlə pəncərədən aşağı endirdi, çünki onun evi şəhərin qala divarında idi və o, divarın içində yaşayırdı. 16 Qadın onlara dedi: «Dağa gedin ki, təqibçilər sizə çatmasınlar, onlar qayıdana qədər üç gün orada gizlənin, sonra yolunuza davam edərsiniz». 17 Bu adamlar da ona dedilər: «Sənin bizə içdirdiyin bu anddan bu yolla günahsız olacağıq. 18 Bu torpağa gəldiyimiz vaxt bizi düşürdüyün pəncərəyə bu al rəngli ipi bağlayarsan. Atanı, ananı, qardaşlarını və atanın bütün qohumlarını yanına – öz evinə toplayarsan. 19 Əgər sənin evinin qapısından kim bayıra çıxarsa, qanı öz başına dönəcək və biz buna günahkar olmayacağıq. Əgər səninlə birgə evində olan bir kimsəyə toxunularsa, qoy onun qanı bizim başımıza dönsün. 20 Ancaq bu işimizin üstünü açmaq istəsən, onda sənin bizə içdirdiyin anddan təqsirimiz olmaz». 21 Raxav dedi: «Necə deyirsiniz, elə də olsun». Sonra onları yola saldı və onlar getdilər. Raxav al rəngli ipi pəncərəyə bağladı.
22 Bu iki adam getdi. Dağa çatıb təqibçilər qayıdana qədər üç gün orada qaldılar. Təqibçilər bütün yol boyu onları axtardılar, ancaq tapmadılar. 23 O iki kişi isə geri dönüb dağdan endi, çayı keçərək Nun oğlu Yeşuanın yanına gəldi və başlarına gələn hər şeyi ona nəql etdi. 24 Onlar Yeşuaya dedilər: «Həqiqətən, Rəbb bütün o torpağı bizə təslim edib, o torpağın bütün sakinləri də qarşımızda qorxu içində əsir».
<- YEŞUA 1YEŞUA 3 ->