6 Yeremya peyğəmbər bütün bu sözləri Yerusəlimdə Yəhuda padşahı Sidqiyaya söylədi. 7 Həmin vaxt Babil padşahının ordusu Yerusəlimə və Yəhudanın hələ ələ keçirilməmiş şəhərləri olan Lakişə və Azeqaya hücum edirdi. Yəhudanın qalalı şəhərlərindən yalnız bunlar qalmışdı.
12 Bundan sonra Rəbdən Yeremyaya bu söz nazil oldu: 13 «İsrail Allahı Rəbb belə deyir: “Mən atalarınızı Misir torpağından – köləlik diyarından çıxardığım gün onlarla əhd bağlayıb dedim: 14 *Çıx. 21:2; Qanun. 15:12 ‹Sizə satılıb altı il qulluq edən İbrani soydaşlarınızı yeddinci il azad edib sərbəst buraxın›. Ancaq atalarınız Məni eşidib qulaq asmadı. 15 İndi isə siz tövbə edib gözümdə doğru olanı etdiniz. Hamınız soydaşlarınızın azadlığını elan etdiniz. Mənim önümdə, Mənim adımla çağırılan məbəddə bu barədə əhd bağladınız. 16 Amma sonra fikrinizi dəyişib adıma hörmətsizlik etdiniz. İstəklərinə görə azad etdiyiniz kişi və qadın qullarınızı təzədən zorla qul etdiniz”.
17 Buna görə də Rəbb belə deyir: “Qul olan soydaşlarınızı – öz həmvətənlərinizi azad etməyərək Mənə qulaq asmadınız. İndi Mən də sizə azadlıq – qılınc, vəba və aclıqdan məhv olmanız üçün azadlıq elan edəcəyəm. Sizi yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam. 18 Əhdimi pozan, önümdə bağladığım əhdin şərtlərinə əməl etməyən bu adamları iki yerə bölüb parçaları arasından keçdikləri dana kimi edəcəyəm. 19 Dana parçalarının arasından keçmiş Yəhuda və Yerusəlim başçılarını, saray əyanlarını, kahinləri və bütün ölkə xalqını 20 öz düşmənlərinə – canlarını almaq istəyənlərə təslim edəcəyəm. Cəsədləri göydəki quşlara və yerdəki heyvanlara yem olacaq. 21 Yəhuda padşahı Sidqiyanı və onun başçılarını canlarını almaq istəyən düşmənlərinə – Babil padşahının üzərinizdən çəkilən ordusuna təslim edəcəyəm”. 22 Rəbb bəyan edir: “Mən əmr edib Babilliləri bu şəhərə tərəf geri qaytaracağam. Onlar hücum edib şəhəri ələ keçirəcək, ona od vuracaq. Yəhuda şəhərlərini heç kəsin yaşamadığı bir viranəliyə çevirəcəyəm”».
<- YEREMYA 33YEREMYA 35 ->