6 [a] Yoşiyanın padşahlığı dövründə Rəbb mənə dedi: «Dönük İsrailin nə etdiyini gördünmü? Hər uca təpənin üstünə, kölgəli ağacın altına gedib orada bütlərə səcdə edərək Mənə xəyanət etdi. 7 İsrail bütün bunları edəndən sonra “o Mənə tərəf qayıdacaq” dedim, ancaq o qayıtmadı. Xəyanətkar bacısı Yəhuda da bunu gördü. 8 Dəfələrlə zina etdiyi üçün dönük İsrailə talaq kağızı verib onu boşadım. Ancaq gördüm ki, onun xəyanətkar bacısı Yəhuda yenə qorxmadı, o da gedib fahişəlik etdi. 9 Heç əhəmiyyət vermədən zinakarlığı ilə ölkəni murdar etdi, daşlara və ağaclara səcdə edib xəyanət etdi. 10 Bütün bunlara baxmayaraq onun xəyanətkar bacısı Yəhuda Mənə bütün qəlbi ilə deyil, hiylə ilə üz tutdu» Rəbb belə bəyan edir.
11 Rəbb mənə dedi: «Dönük İsrail xain Yəhuda ilə müqayisədə daha saleh oldu. 12 Get, bu sözləri şimal səmtinə elan edib söylə: “Ey dönük İsrail, geri qayıt” Rəbb belə bəyan edir. “Sənə qəzəblə baxmayacağam, çünki Mən mərhəmətliyəm” Rəbb belə bəyan edir. “Əbədi kin saxlamaram. 13 Ancaq sən öz təqsirini boynuna al ki, Allahın Rəbbə qarşı üsyan etdin, hər kölgəli ağacın altında yad allahlara könül verdin və Mənim sözümə qulaq asmadınız” Rəbb belə bəyan edir.
14 “Ey dönük övladlar, geri qayıdın” Rəbb belə bəyan edir. “Çünki ağanız Mənəm. Sizi bir-bir şəhərdən, iki-iki tayfadan çıxarıb Siona gətirəcəyəm. 15 Ürəyimə yatan çobanları sizə verəcəyəm, sizə ağıl və müdrikliklə rəhbərlik edəcəklər. 16 Sizin törəyib çoxaldığınız günlərdə daha Rəbbin Əhd sandığından danışmayacaqlar” Rəbb belə bəyan edir. “O sandıq bir daha kimsənin ağlına gəlməyəcək, yada salınmayacaq, onun üçün heyfsilənməyəcəklər, yenisi də düzəldilməyəcək. 17 O zaman Yerusəlimə ‹Rəbbin taxtı› deyəcəklər. Bütün millətlər Rəbbin adı naminə Yerusəlimdə toplaşacaq. Daha pis ürəklərinin inadkarlığına görə hərəkət etməyəcəklər. 18 O günlərdə Yəhuda nəsli İsrail nəsli ilə birləşib şimal ölkəsindən atalarınıza irs olaraq verdiyim torpağa birgə gələcək”.