3 O zaman Yeremya onlara dedi: «Sidqiyaya söyləyin ki, 4 İsrailin Allahı Rəbb belə deyir: “Divarların o tərəfində sizi mühasirəyə alan Babil padşahı və Xaldeylilərlə müharibədə istifadə etdiyiniz silahları özünüzə qarşı çevirəcəyəm. Silahlarınızı bu şəhərin ortasına toplayacağam. 5 Mən sizə qarşı əl qaldıracağam, güclü qolumla, qızğınlıq, qəzəb və böyük hiddətlə sizinlə vuruşacağam. 6 Bu şəhərdə yaşayan insanı da, heyvanı da məhv edəcəyəm. Onlar şiddətli vəbadan öləcək”. 7 Rəbb belə bəyan edir: “Bundan sonra Yəhuda padşahı Sidqiyanı və əyanlarını, həmçinin bu şəhərdə vəbadan, qılıncdan və aclıqdan sağ qalanları Babil padşahı Navuxodonosora və canlarını almaq istəyən düşmənlərinə təslim edəcəyəm. O onları qılıncdan keçirəcək, onlara nə rəhm, nə şəfqət, nə də mərhəmət edəcək”.
8 Bu xalqa söylə ki, Rəbb belə deyir: “Budur, həyat yolunu və ölüm yolunu önünüzə qoyuram. 9 Bu şəhərdə qalan qılınc, aclıq və vəbadan öləcək. Lakin kim bayıra çıxıb sizi mühasirəyə alan Xaldeylilərə təslim olsa, sağ qalacaq, heç olmasa öz canını qurtaracaq. 10 Ona görə ki bu şəhərə yaxşılıq deyil, pislik etməyə niyyət etdim” Rəbb belə bəyan edir. “Bura Babil padşahına təslim ediləcək, o da buranı yandırıb yox edəcək”.