1 Rəbdən Yeremyaya bu söz nazil oldu: 2 «Qalx dulusçunun evinə en, orada sözlərimi sənə bildirəcəyəm». 3 Mən dulusçunun evinə endim. Gördüm ki, o, çarx üzərində işləyir. 4 Palçıqdan düzəltdiyi qab əlində xarab olanda dulusçu özünün istədiyi kimi palçıqdan başqa bir qab düzəldirdi.
5 Mənə yenə Rəbbin sözü nazil oldu: 6 «Ey İsrail nəsli, Mən də sizinlə bu dulusçunun etdiyi kimi rəftar edə bilmərəmmi?» Rəbb belə bəyan edir. «Bilin ki, palçıq dulusçunun əlində necədirsə, siz də Mənim əlimdə o cürsünüz, ey İsrail nəsli. 7 Bir vaxt Mən bir milləti yaxud ölkəni kökündən dağıdacağımı, yıxıb məhv edəcəyimi söyləyəndə 8 əgər Mənim xəbərdarlıq etdiyim bu millət öz pis əməlindən dönərsə, ona göndərmək istədiyim bəladan vaz keçəcəyəm. 9 Başqa vaxt bir milləti yaxud da ölkəni qurub-tikəcəyimi söyləyəndə 10 əgər bu millət sözümə qulaq asmayıb pis əməl edərsə, ona vəd verdiyim yaxşılıqdan vaz keçəcəyəm. 11 İndi Yəhuda adamlarına, Yerusəlimdə yaşayanlara söylə ki, Rəbb belə deyir: “Mən sizə bir bəla hazırlayıram, sizə bir qəsd qururam. İndi hər biriniz öz pis yolunuzdan dönüb yaşayışınızı və əməllərinizi islah edin”.
12 Ancaq onlar deyir: “Boş sözdür, biz öz niyyətlərimizin dalınca gedəcəyik, hər birimiz öz qara ürəyimizin inadına görə rəftar edəcəyik”».
13 Buna görə Rəbb belə deyir:
«İndi millətlər arasında soruşun ki,
Kim belə sözlər eşitmişdir?
Bakirə qıza bənzəyən İsrail
Dəhşətli bir iş etdi.
14 Livanın qarı qayalı dağ yamaclarından
Heç əskik olarmı?
Uzaqdan axan soyuq sular quruyarmı?
15 Amma xalqım Məni unutdu,
Saxta allahlara buxur yandırdı.
Bu allahlar onların gedəcəyi yollarda,
Qədim yollarda büdrəmələrinə səbəb oldu,
Onları hamar olmayan
Dolanbac yollarda gəzdirdilər.
16 Ölkələri viran ediləcək,
Əbədi kinayə hədəfinə çevriləcək.
Onda oradan ötən hər kəs
Heyrətə gəlib başını bulayacaq.
17 Onları səmum küləyi kimi
Düşmən önündə pərən-pərən salacağam.
Onlara fəlakət günündə
Üzümü deyil, arxamı göstərəcəyəm».
18 O zaman onlar dedi: «Gəlin Yeremyaya qəsd quraq. Çünki qanunu öyrədəcək kahin, nəsihət verəcək müdrik adam, söz deyəcək peyğəmbər heç vaxt əskik olmayacaq. Gəlin ona dilimizlə hücum edək, sözlərinə qulaq asmayaq».