1 Rəbb mənə belə dedi: «Get özünə bir kətan qurşaq al və belinə bağla, amma onu suya qoyma». 2 Mən Rəbbin sözünə görə qurşaq aldım və belimə bağladım. 3 Mənə yenə Rəbbin sözü nazil oldu: 4 «Belindəki aldığın qurşağı götürüb qalx və Fərat çayına tərəf get. Onu orada qayanın oyuğunda gizlət». 5 Mən gedib Rəbbin əmr etdiyi kimi onu Fərat çayının yaxınlığında gizlətdim. 6 Uzun müddət sonra Rəbb mənə dedi: «Qalx Fərat çayına tərəf get və sənə gizlətməyi əmr etdiyim qurşağı oradan götür». 7 Mən Fərat çayına tərəf getdim və qurşağı gizlətdiyim yerdən qazıb götürdüm. Gördüm ki, qurşaq çürüyüb və daha heç nəyə yaramır.
8 O zaman mənə Rəbbin bu sözü nazil oldu: 9 «Rəbb belə deyir: “Yəhudanın təkəbbürünü və Yerusəlimin böyük qürurunu beləcə çürüdəcəyəm. 10 Sözlərimə qulaq asmayan, inadkarlıqla ürəklərinin istədiyinə uyan, başqa allahlara qulluq və səcdə edərək onların tərəfdarı olan bu pis xalq heç bir şeyə yaramayan həmin qurşaq kimi olacaq”. 11 Rəbb deyir: “Qurşaq insanın belinə necə yapışırsa, bütün İsrail nəslini və Yəhuda nəslini Özümə eləcə yapışdırdım ki, Öz xalqım olub Mənə şöhrət, tərif və izzət gətirsinlər, ancaq onlar qulaq asmadı”.
12 Buna görə onlara bu sözü çatdır ki, İsrailin Allahı Rəbb belə deyir: “Hər tuluq şərabla dolacaq”. Onda sənə deyəcəklər: “Hər tuluğun şərabla dolacağını biz də bilmirikmi?” 13 O zaman onlara söylə ki, Rəbb belə deyir: “Bütün bu ölkədə yaşayanları, Davudun taxtı üzərində oturan padşahları, kahinləri, peyğəmbərləri, bütün Yerusəlimdə yaşayanları sərxoş olana qədər şərabla doyduracağam”. 14 Rəbb bəyan edir: “Mən onları ata və oğulları ilə birlikdə bir-birlərinə çırpacağam. Onlara rəhm etməyəcək, aman verməyəcək, həlak etməyə heyfsilənməyəcəyəm”».