1 Rəbb Kənan döyüşlərindən heç birini görməyən İsrailliləri sınamaq istədi. 2 İsrail övladlarının nəsillərindən əvvəldən döyüşə bilməyənlərin hamısına döyüş təlimi vermək üçün Rəbbin ölkədə saxladığı millətlər bunlar idi: 3 Beş Filişt ağası, bütün Kənanlılar və Sidonlular, eləcə də Baal-Xermon dağından Xamat keçidinə qədər Livan dağlarında yaşayan Xivlilər. 4 Onları orada Rəbb ona görə saxladı ki, İsrailliləri sınasın və Musa vasitəsilə atalarına verdiyi əmrlərə necə itaət edib-etməyəcəklərini öyrənsin. 5 Beləliklə, İsrail övladları Kənanlılar, Xetlilər, Emorlular, Perizlilər, Xivlilər və Yevuslular arasında yaşadı. 6 İsrail övladları onların qızlarından özlərinə arvad aldı, öz qızlarını da onların oğullarına verdi və onların allahlarına sitayiş etdi.
Birinci hakim Otniel
7 Beləliklə, İsrail övladları Rəbbin gözündə pis olan işlər gördülər. Onlar özlərinin Allahı Rəbbi unudaraq Baal və Aşera bütlərinə sitayiş etdilər. 8 Ona görə də Rəbbin qəzəbi İsraillilərə qarşı alovlandı və onları Aram-Naharayim padşahı Kuşan-Rişatayimə təslim etdi. İsrail övladları səkkiz il Kuşan-Rişatayimə tabe oldu. 9 İsrail övladları Rəbbə fəryad edəndə Rəbb də onlar üçün bir xilaskar yetirdi. Xilaskar Kalevin kiçik qardaşı olan Qenazın oğlu Otniel idi. O, İsrail övladlarını əsarətdən xilas etdi. 10 Rəbbin Ruhu Otnielin üzərinə endi. O, İsrailin hakimi oldu və döyüşə çıxdı. Rəbb Aram-Naharayim padşahı Kuşan-Rişatayimi Otnielə təslim etdi. O, Kuşan-Rişatayimdən daha güclü oldu. 11 O dövrdə ölkə qırx il rahat yaşadı. Sonra Qenazın oğlu Otniel öldü.
Ehudun hakimliyi
12 İsrail övladları yenə də Rəbbin gözündə pis olan işləri gördülər. Rəbb də Moav padşahı Eqlonu İsraillilərə qarşı qaldıraraq qüvvətləndirdi. Çünki onlar Rəbbin gözündə pis olan işləri görmüşdülər. 13 Moav padşahı Eqlon Ammon və Amaleq övladlarını öz yanına toplayaraq İsrailliləri məğlub edib Xurma şəhərini aldı. 14 Beləliklə, İsrail övladları Moav padşahı Eqlona on səkkiz il tabe oldu.
15 Lakin İsrail övladları Rəbbə fəryad edəndə Rəbb Binyaminli Geranın oğlu solaxay Ehudu bir xilaskar kimi onlara yetirdi. İsrail övladları Moav padşahı Eqlona Ehud vasitəsilə xərac göndərdi. 16 Ehud özünə uzunluğu bir qulac olan ikiağızlı xəncər düzəltdi və onu paltarının altında sağ buduna bağladı. 17 Ehud xəracı Moav padşahı Eqlona təqdim etdi. Eqlon isə çox tosqun adam idi. 18 Ehud xərac təqdimini bitirəndən sonra hədiyyə gətirən adamları geri göndərdi. 19 Amma özü Qilqalın yaxınlığındakı daş bütlərin yanından geriyə qayıdıb padşaha dedi: «Ey padşah, sənə gizli sözüm var». Padşah «sus» dedi. Onda yanında dayanan adamların hamısı eşiyə çıxdılar.
20 Ehud onun yanına gəldi. Padşah üst mərtəbədəki sərin otağında tənha qalırdı. Ehud ona dedi: «Allahdan sənə bir sözüm var». Padşah kürsüsündən qalxdı. 21 Ehud isə sol əlini uzadıb sağ buduna bağladığı xəncəri çıxarıb padşahın qarnına soxdu. 22 Xəncəri elə bərk vurmuşdu ki, tiyənin ardınca qəbzəsi də onun qarnına girmişdi və bağırsaqları yerə tökülmüşdü. Xəncərin tiyəsini isə piy tutmuşdu, çünki Ehud xəncəri padşahın qarnından çıxarmamışdı. 23 Ehud eyvana çıxıb arxasınca yuxarıdakı otağın qapılarını örtüb qıfılladı.
24 O çıxanda padşahın qulları gəlib baxdılar. Yuxarı otağın qapısını qıfıllı görəndə dedilər: «Yəqin padşah yuxarı otaqda ayaqyoluna gedir». 25 Padşahı gözlədilər, lakin otağın qapısını açan olmadığına görə nigaran qaldılar. Sonra açar götürüb qapıları açanda gördülər ki, ağalarının meyiti yerə sərilib.
26 Onlar padşahı gözləyən zaman Ehud artıq aradan çıxmış və daş bütlərin yanından keçib Seiraya qaçmışdı. 27 O, İsrailə çatan kimi Efrayimin dağlıq bölgəsində şeypur çaldı və İsrail övladları onunla birgə dağlıq yerdən aşağı düşdülər. Ehud onların qabağında gedirdi. 28 Ehud İsraillilərə dedi: «Ardımca gəlin, çünki Rəbb düşmənimiz olan Moavlıları sizə təslim etdi». İsrail övladları da Ehudun ardınca enib Moavlılara qarşı bütün İordan çayının keçidlərini bağladılar ki, heç kim keçə bilməsin. 29 O zamankı döyüşdə Moavlılardan on min nəfərə qədər qırıldı. Onların da hər biri qüvvətli bir igid idi və heç kim canını qurtara bilmədi. 30 Həmin gün Moav ölkəsi İsraillilərə tabe oldu və İsrail ölkəsi səksən il rahat yaşadı.
Şamqarın hakimliyi
31 Bundan sonra Anat oğlu Şamqar hakim oldu və o, altı yüz Filiştlini öküz payası ilə qıraraq İsraili xilas etdi.
<- HAKİMLƏR 2HAKİMLƏR 4 ->