3
Adəm və Həvvanın günaha batması
1 [a] Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?»
2 Qadın ilana dedi: «Bağdakı ağacların bəhrələrindən yeyə bilərik.
3 Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz!”»
4 İlan qadına dedi: «Yox, əsla ölməzsiniz.
5 Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız».
6 [b] Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi.
7 O vaxt ikisinin də gözləri açıldı və çılpaq olduqlarını bildilər. Buna görə də əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər.
8 Onlar günün sərinliyində bağda gəzişən Rəbb Allahın səsini eşitdilər. Adəm və onun arvadı Rəbb Allahın hüzurundan qaçıb bağdakı ağacların arasında gizləndilər. 9 Rəbb Allah Adəmi səsləyib dedi: «Haradasan?» 10 O cavab verdi: «Bağda səsini eşitdim və çılpaq olduğum üçün qorxdum, ona görə də gizlənmişəm». 11 Rəbb Allah dedi: «Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?» 12 Adəm dedi: «Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən də yedim». 13 [c] Rəbb Allah qadına dedi: «Sən niyə belə etdin?» Qadın dedi: «İlan məni yoldan çıxartdı, mən də yedim».
14 Rəbb Allah ilana dedi:
«Sən bunu etdiyin üçün
Bütün ev heyvanları və çöl heyvanları arasında
Lənət qazanırsan.
Qarnın üstündə sürünəcəksən,
Bütün ömrün boyu torpaq yeyəcəksən.
15 [d] Mən səninlə qadın arasına,
Sənin balanla onun övladı arasına
Düşmənçilik salıram.
Bu övlad sənin başından vuracaq,
Sən də onu dabanından sancacaqsan».
16 Sonra Rəbb Allah qadına dedi:
«Hamilə olanda sənə
Çox əziyyət verəcəyəm,
Uşaqlarını ağrı içində doğacaqsan.
Ərinə meylli olacaqsan,
O sənə ağalıq edəcək».
17 [e] Sonra Rəbb Allah Adəmə dedi:
«Arvadının sözünə qulaq asdığın üçün,
Qadağan etdiyim, “meyvəsini yemə” dediyim
Ağacdan yediyin üçün
Sənə görə torpaq lənətlənir.
Ömrün boyu zəhmətlə
Torpaqdan yemək əldə edəcəksən.
18 O sənə tikan və qanqal bitirəcək,
Sən də çöldəki ot-ələfi yeyəcəksən.
19 Alın tərinlə çörək yeyəcəksən.
Axırda torpağa qayıdacaqsan,
Çünki oradan götürülmüsən,
Ona görə ki yerin torpağısan,
Torpağa da qayıdacaqsan».
20 Adəm arvadının adını Həvva[f] qoydu, çünki o, yer üzündə yaşayanların hamısının anası oldu. 21 Onda Rəbb Allah Adəmlə arvadı üçün dəridən paltar düzəltdi və onlara geyindirdi.
22 [g] Sonra Rəbb Allah dedi: «Budur, insan xeyirlə şərin nə olduğunu bilərək bizlərdən biri kimi oldu. Qoy indi əlini uzadaraq həyat ağacının meyvəsindən dərib yeməsin və əbədi yaşamasın!» 23 Rəbb Allah insanı Eden bağından çıxartdı ki, o özünün də bir qismindən götürüldüyü torpağı becərsin. 24 Rəbb Allah insanı qovdu. O, Eden bağının şərqinə keruvlarını və hər tərəfə fırlanan odlu qılıncını qoydu ki, həyat ağacına gedən yolu qorusunlar.
<- YARADILIŞ 2YARADILIŞ 4 ->