Link to home pageLanguagesLink to all Bible versions on this site
28
İshaqın Yaqubu Lavanın yanına göndərməsi
1 İshaq Yaqubu çağırıb ona xeyir-dua verdi və xəbərdarlıq edərək dedi: «Kənan qızlarından arvad alma. 2 Qalxıb Paddan-Arama, ana baban Betuelin evinə get. Oradan dayın Lavanın qızlarından özünə arvad al. 3 Külli-İxtiyar Allah sənə xeyir-dua versin, səni bəhərli edib nəslini çoxaltsın, səndən çoxlu xalq törəsin; 4 *Yar. 17:4-8 İbrahimin xeyir-duasını sənə və səninlə birgə nəslinə versin ki, Allahın İbrahimə verdiyi torpağı – qərib kimi yaşadığın torpağı irs olaraq alasan». 5 İshaq Yaqubu yola saldı. O, Paddan-Arama, Yaqubla Esavın anası Rivqanın qardaşı Aramlı Betuel oğlu Lavanın yanına getdi.
Esavın üçüncü arvadı
6 Esav gördü ki, İshaq Yaquba xeyir-dua verdi və özünə arvad almaq üçün onu Paddan-Arama göndərdi; həm də ona xeyir-dua verən zaman «Kənan qızlarından arvad alma» deyib xəbərdarlıq etdi. 7 Yaqub da ata-anasına qulaq asıb Paddan-Arama getdi. 8 Esav gördü ki, Kənan qızları atası İshaqın xoşuna gəlmir. 9 Esav İsmailin yanına getdi. O, İbrahim oğlu İsmailin qızı Maxalatı arvadlarının üstünə arvad aldı. Maxalat Nevayotun bacısı idi.
Yaqubun Bet-Eldə yuxu görməsi
10 Yaqub Beer-Şevadan çıxıb Xarana tərəf getdi. 11 Bir yerə çatıb orada gecələdi, çünki günəş batmışdı. O torpaqdan bir daş götürüb başının altına qoydu və orada yatdı. 12 *Yəh. 1:51 O, yuxuda gördü ki, yerin üzərində bir nərdivan durmuş və onun başı göylərə çatmışdır. Allahın mələkləri onunla çıxıb-düşürdülər. 13 *Yar. 13:14-15 Rəbb nərdivanın üstündə durub deyirdi: «Mən baban İbrahimin və İshaqın Allahı Rəbbəm. Üstündə yatdığın torpağı sənə və nəslinə verəcəyəm. 14 *Yar. 12:3; 22:18; 26:4 Sənin nəslin yerin tozu kimi çox olacaq, qərbə, şərqə, şimala və cənuba yayılacaq. Yer üzünün bütün tayfaları sənin və nəslinin vasitəsilə xeyir-dua alacaq. 15 Mən həmişə səninləyəm, gedəcəyin hər yerdə səni qoruyacağam və bu torpağa qaytaracağam. Dediyimi edənə qədər səni tərk etməyəcəyəm».

16 Yaqub yuxusundan oyanıb dedi: «Doğrudan da, Rəbb buradadır. Mən isə bunu bilmirdim». 17 Sonra qorxub dedi: «Bu yer necə də qorxuludur. Bu, Allahın evindən başqa bir şey ola bilməz, bura göylərin qapısıdır».

18 Yaqub səhər tezdən qalxdı. O, başının altına qoyduğu daşı götürüb sütun kimi qoydu və üstünə zeytun yağı tökdü. 19 O yerin adını Bet-El *Bet-El – ibrani dilində Allahın evi. qoydu, ancaq əvvəlcə şəhərin adı Luz idi. 20 Yaqub əhd edib dedi: «Əgər Allah mənimlə olsa, getdiyim bu yolda məni qorusa, mənə yemək üçün çörək və geymək üçün paltar versə, 21 sağ-salamat atamın evinə dönsəm, o zaman Rəbb mənə Allah olacaq. 22 Sütun kimi qoyduğum bu daş da Allahın evi olacaq. Ay Allah, mənə verəcəyin hər şeyin onda birini Sənə verəcəyəm».

<- YARADILIŞ 27YARADILIŞ 29 ->