10 İçəri həyətin cənubu [b] boyu açıq sahəyə və bayır həyətdəki tikililərə baxan başqa otaqlar var idi. 11 Şimal tərəfdəki otaqlarda olduğu kimi bu otaqların qabağında da bir keçid var idi. Otaqların uzunluğu və eni eyni idi, çıxışları və ölçüləri şimal tərəfdə olan otaqlarınkı kimi idi. Cənubdakı otaqların qapıları da şimaldakılar kimi idi. 12 Keçidin başlanğıcında bir qapı var idi. Arxa divarlar boyunca şərqə uzanan bu keçid otaqlara açılırdı.
13 Sonra o adam mənə dedi: «Məbədin açıq sahəsinə baxan şimaldakı və cənubdakı otaqlar müqəddəsdir. Rəbbin önündə xidmət edən kahinlər orada ən müqəddəs təqdimlərdən yeyəcək. Ən müqəddəs təqdimləri – taxıl təqdimlərini, günah qurbanlarını və təqsir qurbanlarını orada qoyacaqlar, çünki ora müqəddəsdir. 14 Kahinlər müqəddəs yerə girəndə xidmət edərkən əyinlərindəki geyimləri orada qoymadan bayır həyətə çıxmasın, çünki bu geyimlər müqəddəsdir. Onlar xalqın olduğu yerlərə getməzdən qabaq başqa paltarlar geyməlidir».
15 O adam məbədin sahəsini içəridən ölçüb qurtarandan sonra məni şərq qapısından bayıra apardı və hər tərəfdən bu sahənin bayırını ölçdü. 16 Şərq tərəfini qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. 17 Şimal tərəfini də qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. 18 Cənub tərəfini də qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. 19 Qərb tərəfinə dönüb onu qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. 20 Beləcə sahənin dörd tərəfini ölçdü. Müqəddəs olanı müqəddəs olmayandan ayırmaq üçün sahənin ətrafında bir divar var idi: uzunluğu və eni hər biri beş yüz qulac idi.
<- YEZEKEL 41YEZEKEL 43 ->