Link to home pageLanguagesLink to all Bible versions on this site
18
Əməllər üçün cavabdehlik
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2 *Yer. 31:29 «Siz İsrail torpağı üçün
“Atalar kal üzüm yedi,
Oğulların dişi qamaşır”
məsəlini söyləyərək nə demək istəyirsiniz? 3 Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, daha siz İsraildə bu məsəli söyləməyəcəksiniz. 4 Axı bütün adamlar Mənimdir: atanın canı Mənim olduğu kimi oğulun da canı Mənimdir. Yalnız günah işlədən adam öləcək.
5 Əgər bir adam salehdirsə,
Ədalətli və saleh işlər görürsə,
6 Dağlarda gətirilən qurbandan yemirsə,
Gözlərini İsrail nəslinin bütlərinə dikmirsə,
Qonşusunun arvadını ləkələmirsə,
Aybaşı olan qadınla yaxınlıq etmirsə,
7 Kimsəyə haqsızlıq etmirsə,
Borclunun girovunu qaytarırsa,
Soyğunçuluq etmirsə,
Ac olana çörək verirsə,
Çılpaq olanı geyindirirsə,
8 Sələmlə borc pul vermirsə,
Müamilə götürmürsə,
Pis əməldən çəkinirsə,
İki adam arasında ədalətlə mühakimə edirsə,
9 *Lev. 18:5 Mənim qaydalarıma görə rəftar edirsə,
Hökmlərimə sədaqətlə əməl edirsə,
Bu adam salehdir və
Əlbəttə, yaşayacaq”
Xudavənd Rəbb belə bəyan edir.
 
10 “Deyək ki bu adamın bir oğlu olur.
Əgər bu oğul zorakılıq edib qan tökürsə,
Soydaşına qarşı bu işlərdən birini görürsə,
11 Atası bunlardan heç birini etmədiyi halda,
Oğul dağlarda gətirilən qurbandan yeyirsə,
Qonşusunun arvadını ləkələyirsə,
12 Fəqirə və yoxsula haqsızlıq edirsə,
Soyğunçuluq edirsə,
Girovu qaytarmırsa,
Gözlərini bütlərə dikirsə,
İyrənc işlər görürsə,
13 Sələmlə borc pul verib müamilə götürürsə,
Belə oğul yaşayacaqmı?
Xeyr, o yaşamayacaq.
Bütün bu iyrənc işləri gördüyü üçün öldürülməlidir.
Ölümü üçün də özü məsuliyyət daşıyacaq.
 
14 Deyək ki bu oğulun da bir oğlu olur.
Bu oğul atasının etdiyi bütün günahları görüb,
Diqqət edərək belə işlər etmirsə,
15 Dağlarda gətirilən qurbandan yemirsə,
Gözlərini İsrail nəslinin bütlərinə dikmirsə,
Qonşusunun arvadını ləkələmirsə,
16 Kimsəyə haqsızlıq etmirsə,
Girov almırsa,
Soyğunçuluq etmirsə,
Ac olana çörək verirsə,
Çılpaq olanı geyindirirsə,
17 Məzlumdan əl çəkirsə,
Sələm almırsa,
Müamilə götürmürsə,
Hökmlərimə əməl edib
Qaydalarıma görə rəftar edirsə,
Atasının günahına görə ölməyəcək,
Əlbəttə, yaşayacaq.
18 Bu oğulun atası isə
İnsafsızlıqla qəddarlıq etdiyi üçün,
Soydaşını qarət etdiyinə görə,
Xalqı içində pis işlər gördüyü üçün
Öz təqsirindən ötrü, əlbəttə, öləcək.
19 Ancaq siz ‹atanın etdiyi təqsirin məsuliyyətini nə üçün oğul daşımasın?› deyirsiniz. Oğul ədalətli və saleh işlər gördü, bütün qaydalarıma riayət edib onlara əməl etdi. Əlbəttə, bu adam yaşayacaq. 20 *Qanun. 24:16; 2Pad. 14:6; 2Saln. 25:4 Yalnız günah işlədən adam öləcək. Oğul atanın təqsirinin məsuliyyətini daşımaz, ata da oğulun təqsirinin məsuliyyətini daşımaz. Saleh adam salehliyinin, pis adam isə pisliyinin əvəzini alacaq.

21 Pis adam etdiyi bütün günahlardan dönərsə, bütün qaydalarıma riayət edib ədalətli və saleh işlər görərsə, əlbəttə, ölməyib yaşayacaq. 22 Etdiyi günahlardan heç biri onun ayağına yazılmayacaq, gördüyü saleh işlərlə yaşayacaq”. 23 Xudavənd Rəbb bəyan edir: “Elə bilirsiniz ki, Mən pis adamın ölümündən zövq alıram? İstəyirəm ki, o öz yolundan dönsün və yaşasın.

24 Ancaq saleh adam öz salehliyindən dönüb pislik edərsə, pis adamın etdiyi bütün iyrənc işləri görərsə, yaşayacaqmı? Etdiyi saleh işlərindən heç biri onun ayağına yazılmayacaq. Etdiyi xainlik və işlədiyi günahından ötrü öləcək.

25 Ancaq siz ‹Xudavəndin yolu düz deyil› deyirsiniz. Ey İsrail nəsli, indi qulaq asın: Mənimmi yolum düz deyil? Düz olmayan sizin yollarınız deyilmi? 26 Saleh adam öz salehliyindən dönüb pislik edərsə, buna görə öləcək. Bəli, etdiyi pisliyə görə öləcək. 27 Pis adam da etdiyi pislikdən dönüb ədalətli və saleh işlər görərsə, öz həyatını qoruyar. 28 Bir halda ki diqqət edib elədiyi bütün günahlardan dönürsə, əlbəttə, ölməyib yaşayacaq. 29 Ancaq İsrail nəsli ‹Xudavəndin yolu düz deyil› deyir. Ey İsrail nəsli, Mənimmi yollarım düz deyil? Düz olmayan sizin yollarınız deyilmi? 30 Buna görə, ey İsrail nəsli, sizin hər birinizi əməllərinizə görə mühakimə edəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. “Tövbə edib bütün günahlarınızdan dönün ki, təqsir sizi məhvə sürükləməsin. 31 Etdiyiniz günahların hamısını üstünüzdən götürün, özünüzdə yeni ürək və yeni ruh yaradın. Nə üçün öləsiniz, ey İsrail nəsli?” 32 Xudavənd Rəbb bəyan edir: “Mən məhv olacaq adamın ölümündən zövq almıram. Buna görə də günahlardan dönün və yaşayın”.

<- YEZEKEL 17YEZEKEL 19 ->