4 [a] Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir. 5 [b] Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə sev. 6 [c] Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın. 7 Bunları övladlarının şüuruna yaxşı-yaxşı yerit. Evində oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danış. 8 Onları yazıb qoluna bir nişan kimi, gözlərinin arasına alın bağı kimi bağla, 9 evlərinin qapı çərçivələrinə və darvazalarına yaz.
10 [d] Allahın Rəbb səni ata-babaların İbrahimə, İshaqa, Yaquba etdiyi anda görə verəcəyi torpağa aparacaq. Orada inşa etmədiyin böyük və gözəl şəhərlər, yığmadığın gözəl şeylərlə dolu evlər, 11 zəhmətini çəkmədiyin qazılmış su quyuları, salmadığın üzümlüklər və zeytunluqlar var. Yeyib-doyanda isə diqqətli ol. 12 Səni Misir torpağından – köləlik diyarından çıxaran Rəbbi unutma. 13 [e] Allahın Rəbdən qorx və Ona qulluq et. Andı Onun adı ilə et.
14 Yad allahların – başqa xalqların allahlarının ardınca getmə ki, 15 Allahın Rəbbin sənə qarşı qəzəbi alovlanmasın və səni yer üzündən yox etməsin, çünki aranızda olan Allahın Rəbb qısqanc bir Allahdır.
16 [f] [g] Allahınız Rəbbi Massada sınadığınız kimi sınamayın. 17 Ona görə də Allahınız Rəbbin sizə buyurduğu əmrlərə, göstərişlərə və qanunlara diqqətlə əməl edin. 18 Rəbbin gözündə doğru və yaxşı olana əməl et ki, xoş güzəranın olsun, Rəbbin atalarına vəd etdiyi gözəl torpağı irs olaraq ala biləsən. 19 Rəbb də söz verdiyi kimi bütün düşmənlərini qarşından qovacaq.