5 Baxın Allahım Rəbbin mənə əmr etdiyi qayda və hökmləri sizə öyrətmişəm ki, mülk olaraq almaq üçün daxil olacağınız torpaqda bunlara əməl edəsiniz. 6 Onlara diqqətlə riayət edin. Bu, digər xalqlara nə qədər müdrik və aqil olduğunuzu göstərər. Onlar bu qaydaları eşidəndə deyəcəklər ki, bu böyük millət, həqiqətən, müdrik və aqil bir xalqdır! 7 Allahımız Rəbb hər dəfə dua edərkən bizə yaxın olar. Axı hansı millət belə üstündür ki, Allahı ona bu cür yaxın olsun? 8 Hansı millət belə üstündür ki, bu gün qarşınıza gətirdiyim bu Qanun kimi ədalətli qaydalara və hökmlərə malik olsun?
9 Ancaq diqqətli olun. Gözünüzlə gördüklərinizi unutmamaq və ömür boyu yaddan çıxarmamaq üçün böyük səy göstərin. Bunları övladlarınıza, nəvələrinizə öyrədin. 10 Xorevdə Allahınız Rəbbin önündə dayandığınız günü xatırlayın. O zaman Rəbb mənə dedi: “Xalqı Mənim üçün bir yerə topla. Mən Öz sözlərimi onlara eşitdirəcəyəm. Belə ki yer üzərində yaşadıqları müddətdə yalnız Məndən qorxmağı öyrənsinlər və övladlarına öyrətsinlər”. 11 *Çıx. 19:16-18; İbr. 12:18-19 Siz də yaxınlaşıb dağın ətəyində dayandınız. Dağ yanır, alovu göyün dərinliklərinə çatırdı. Hər yan isə qara bulud və qatı zülmət içində idi. 12 Rəbb sizinlə bu alovun içərisindən danışdı. Siz Onun danışıq səsini eşitdiniz, lakin bir surət görmədiniz. Yalnız bir səs var idi. 13 *Çıx. 31:18 O sizə əhdini, yəni əməl etmənizi buyurduğu On Əmri elan etdi. Bunları iki daş lövhə üzərinə yazdı. 14 *Çıx. 21:1 Elə o vaxt Rəbb mənə mülk olaraq almaq üçün gedəcəyiniz torpaqda əməl edəcəyiniz qayda və hökmləri öyrətmək tapşırığını verdi.
21 *Say. 20:12 Sizin ucbatınızdan Allahınız Rəbb mənə qəzəbləndi və and etdi ki, mən İordan çayını keçib irs olaraq sizə verdiyi o gözəl torpağa daxil olmayım. 22 İordan çayını keçə bilməyib bu torpaqda öləcəyəm. Siz isə o gözəl torpağa keçəcək və oranı mülk olaraq alacaqsınız. 23 Ehtiyatlı olun ki, Allahınız Rəbbin sizinlə etdiyi əhdi unutmayasınız. Allahınız Rəbbin qadağan etdiyi hər hansı bir şeyə bənzər oyma büt yaratmayın. 24 *Qanun. 9:3; İbr. 12:29 Çünki Allahınız Rəbb hər şeyi yandırıb-yaxan alovdur. O, qısqanc Allahdır.
25 Siz ölkədə yaşayıb övladlarınız, nəvələriniz doğulandan sonra oyma büt yaradaraq yoldan azsanız, Allahınız Rəbbin gözündə pis olanı edib Onu acıqlandırsanız, 26 sizin qarşınızda bu gün göyləri və yeri şahid tuturam ki, mülk olaraq almaq üçün İordan çayını keçib getdiyiniz torpaq üzərindən tezliklə yox olacaqsınız. O torpaqda uzun ömür sürməyəcəksiniz, tamamilə məhv olacaqsınız. 27 *Lev. 26:33; Qanun. 28:64 Rəbb sizi xalqlar arasına səpələyəcək və apardığı yerdə millətlər arasında sizdən az miqdarda adam sağ qalacaq. 28 Orada isə siz insanın əl işi olan – görməyən, eşitməyən, yeməyən, iy bilməyən ağacdan və ya daşdan olan allahlara qulluq edəcəksiniz. 29 *Yer. 29:13 Amma o yerdə Allahınız Rəbbi axtaracaqsınız. Əgər Onu bütün qəlbinizlə, bütün varlığınızla axtarsanız, tapacaqsınız. 30 Əzabda olarkən, bütün bu hadisələr başınıza gələrkən, nəhayət, Rəbbə dönüb Ona qulaq asacaqsınız. 31 Axı Allahınız Rəbb rəhmli Allahdır. O sizi atmaz, məhv etməz. Atalarınıza andla təsdiq etdiyi əhdi unutmaz.
32 İndi Allahınızın yer üzərində insan yaratdığı gündən bəri sizdən əvvəlki dövrün günləri barədə göylərin bir başından o biri başına qədər hamıdan soruşun. Belə böyük hadisə olubmu? Belə bir şey eşidilibmi? 33 Hansı bir xalq sizin kimi alov içərisindən danışan Allahın səsini eşitdi və sağ qaldı? 34 Yaxud hansı allah Allahınız Rəbb kimi Misirdə gözləriniz önündə sizin xeyrinizə işləyərək imtahanlarla, əlamətlərlə, möcüzələrlə, döyüşlərlə, qüdrətli əli ilə, uzanan qolu ilə, böyük zəhmi ilə başqa millətin üstünə gedib onlardan öz millətini aldı? 35 *Mark 12:32 Bütün bunlar sizə ona görə göstərildi ki, bunu biləsiniz: yalnız Rəbb Allahdır, başqası yoxdur. 36 Sizi tərbiyə etmək üçün göylərdən səsini sizə eşitdirdi. Öz böyük alovunu yer üzərində sizə göstərdi və alovun içərisindən Onun sözlərini eşitdiniz. 37 Atalarınızı sevdiyindən onlardan sonra övladlarını seçdi. Sizi böyük qüdrəti ilə Misirdən Şəxsən Özü çıxartdı ki, 38 sizdən böyük və qüvvətli millətləri qarşınızdan qovsun və bugünkü kimi onların torpağını irs olaraq vermək üçün sizi oraya gətirsin. 39 Bu gündən bilin və yadınızda qalsın ki, yuxarıda – göydə və aşağıda – yerdə Rəbb Allahdır. Ondan başqası yoxdur. 40 Bu gün sizə verdiyim Rəbbin qanun və əmrlərinə riayət edin ki, sizə, sizdən sonra gələn övladlarınıza xeyir gətirsin, Allahınız Rəbbin əbədi olaraq verdiyi bu torpaqda uzun ömür sürəsiniz».