Link to home pageLanguagesLink to all Bible versions on this site
10
Musanın yenidən əmr alması
(Çıx. 34:1-10)

1 O vaxt Rəbb mənə dedi: “Əvvəlki kimi özün üçün iki daş lövhə yon və dağa – yanıma çıx. Ağacdan bir sandıq da düzəlt. 2 Qırdığın əvvəlki lövhələrdə yazılan sözləri yeni lövhələrin üstündə yazacağam. Onları sandığa qoy”. 3 Əbrişim ağacından bir sandıq düzəldib əvvəlki kimi iki daş lövhəni yondum. Sonra bu iki daş lövhəni əlimə götürüb dağa çıxdım. 4 Rəbb yığıldığınız gün dağda alovun içindən Özünün sizə bildirdiyi On Əmri bu lövhələr üzərinə yenə də əvvəlki kimi yazdı və mənə verdi. 5 Mən dönüb dağdan enərək Rəbbin mənə əmr etdiyi kimi bu lövhələri düzəltdiyim sandığa qoydum və həmin lövhələr orada qaldı.

6 *Say. 20:28; 33:38 İsrail övladları Yaaqan övladlarına məxsus quyular olan yerdən Moseraya köçdülər. Harun orada ölüb dəfn olundu. Onun yerinə oğlu Eleazar kahin oldu. 7 Oradan Qudqodaya və Qudqodadan da axar sular diyarı olan Yotvataya köçdülər. 8 *Say. 3:5-8 O zaman Rəbb Levi qəbiləsini ayırdı ki, Rəbbin Əhd sandığını daşısınlar, Rəbbə xidmət edərək, Onun adı ilə xeyir-dua verərək hüzurunda dayansınlar. Onlar bu günədək eyni işi görürlər. 9 *Qanun. 18:2 Elə buna görə də Levililərə İsrailli soydaşları ilə birlikdə pay və irsi torpaq düşmədi. Allahınız Rəbbin onlara söz verdiyi kimi onların irsi Rəbb Özüdür.

10 *Çıx. 34:28 Əvvəlki kimi yenə də qırx gün-qırx gecə dağda qalmışdım. Rəbb bu dəfə də məni dinlədi və ona görə sizi qırmaq istəmədi. 11 Rəbb mənə dedi: “Qalx köçən xalqın qarşısında get ki, atalarına vəd edib söz verdiyim torpağa daxil olub oranı irs olaraq alsınlar”.

12 İndi, ey İsrail, axı Allahın Rəbb səndən nə istəyir? Yalnız bunu istəyir: Ondan qorx, tamamilə Onun yolunu tut, Onu sev, bütün qəlbinlə və bütün varlığınla Allahın Rəbbə sitayiş et. 13 Bu gün xoş güzəranın üçün sənə buyurduğum Rəbbin əmr və qaydalarına riayət et.

14 Bax göylər, göylərin ən uca qatları belə, yer üzü və yer üzərində olan hər şey Allahın Rəbbindir. 15 Lakin Rəbb atalarınıza şəfqətli olmuşdur. Onları sevib sonrakı nəsil olan sizi bugünkü kimi bütün xalqlar arasından seçdi. 16 Elə buna görə ürəklərinizi sünnət edin*Ürəklərinizi sünnət edin – yəni ürəklərinizi həsr edin. ki, bir daha dikbaş olmayasınız. 17 *1Tim. 6:15; Vəhy 17:14; 19:16 *Həv. 10:34-35; Rom. 2:11; Qal. 2:6; Ef. 6:9 Çünki Allahınız Rəbb allahların Allahı, hökmranların Hökmranıdır. O tərəfkeşlik etməyən, rüşvət almayan, böyük, qüdrətli, zəhmli Allahdır. 18 O, yetimin və dul qadının haqqını qoruyur. Qəribi sevir, ona çörək və paltar verir. 19 Siz də qəribi sevin, çünki özünüz də Misir ölkəsində qərib idiniz. 20 Allahınız Rəbdən qorxun, Ona sitayiş edərək sadiq qalın və yalnız Onun adı ilə and için. 21 Ona həmişə həmd edin. Gözünüzlə gördüyünüz əzəmətli və zəhmli əlamətləri edən Allahınızdır. 22 *Yar. 46:27 *Yar. 15:5; 22:17 Atalarınız yetmiş nəfər olaraq Misirə getmişdi. İndi isə Allahınız Rəbb sizi çoxaldaraq göydəki ulduzlar qədər edib.

<- QANUNUN TƏKRARI 9QANUNUN TƏKRARI 11 ->