Link to home pageLanguagesLink to all Bible versions on this site
8
Yay meyvəsi barəsində görüntü
1 Xudavənd Rəbb mənə belə bir görüntü göstərdi: budur, bir səbət yay meyvəsi gördüm. 2 O məndən soruşdu: “Amos, sən nə görürsən?” Mən cavab verdim: “Bir səbət yay meyvəsi”. Rəbb mənə dedi:
“Xalqım İsrailin axır günü yetişib.
Artıq onlardan əl çəkməyəcəyəm.
3 Həmin gün saray nəğmələri fəryada çevriləcək.
Meyit meyit üstə düşəcək, hər tərəfə atılacaq.
Sonra sükut olacaq”.
Xudavənd Rəbb belə bəyan edir.
Allah İsrailə cəza verəcək
4 Siz, ey möhtacları tapdalayıb əzənlər, ey kasıbların başını yeyənlər, indi buna qulaq asın! 5 Deyirsiniz: “Təzə Ay mərasimi nə vaxt sona çatacaq ki, taxılı başqasına sataq? Şənbə günü nə vaxt qurtaracaq ki, buğdanı satışa qoyaq? Qoy ölçünü azaldaq, qiyməti də artıraq, aldadıcı tərəzi quraq. 6 Qoy yoxsulları pula, möhtacları bir cüt çarığa satın alaq, buğdanın tör-töküntüsünü də sataq”.

7 Yaqubun fəxri olan Rəbb belə and içmişdir: “Onların bütün işlərini heç vaxt unutmayacağam”. 8 Bundan ötrü deyilmi ki, yer titrəyəcək, orada yaşayan hər kəs yasa batacaq? Bəli, bütün yer Nil çayı kimi qabaracaq, Misirdəki Nil çayı kimi coşandan sonra çəkiləcək.

9 Xudavənd Rəbb bəyan edir:
“Həmin gün günorta günəşi batıracağam,
Yer üzündə gündüzü qaraldacağam.
10 Bayramlarınızı yasa döndərəcəyəm,
Bütün mahnılarınızı mərsiyəyə çevirəcəyəm.
Hər kəsin belinə çul büründürəcəyəm,
Hər başın saçını qırxdıracağam.
Yeganə oğula yas tutulan kimi
O günü sona qədər acı edəcəyəm”.
 
11 Xudavənd Rəbb bəyan edir:
“Budur, elə günlər gələcək ki,
Ölkəyə qıtlıq göndərəcəyəm.
Bu günlərdə çörək və suyun qıtlığı deyil,
Rəbbin sözlərinin qıtlığı olacaq.
12 İnsanlar Rəbbin sözünü axtaracaq.
Dənizdən-dənizə,
Şimaldan şərqə qədər
Sürətlə gəzib-dolaşacaqlar,
Lakin onu tapmayacaqlar.
13 Həmin gün gözəl qızlar, igid oğlanlar
Susuzluqdan qəşş edəcəklər.
14 Samariyanın bütlərə and içib
‹Ey Dan, allahının haqqı!›,
‹Beer-Şevaya gedən yol haqqı!› deyən adamlar
Yıxılacaq və bir daha qalxmayacaq”.