5
İsrail üçün mərsiyə
1 Ey İsrail nəsli, sizin barənizdə mərsiyə kimi oxuduğum bu sözləri dinləyin!
2 “İsrail zorlanmış bir qız kimi yıxılıb,
Bir daha qalxmayacaq.
Öz torpağı üstə atılıb,
Onu qaldıran yoxdur”.
3 Çünki Xudavənd Rəbb belə deyir:
“Bir şəhərdən min nəfər döyüşə çıxsa,
Yüz nəfəri sağ qalacaq,
Yüz adam döyüşə çıxsa,
İsrail nəslindən on nəfər sağ qalacaq”.
İsrail bəladan necə qurtara bilər
4 Rəbb İsrail nəslinə belə deyir:
“Mənə tərəf dönün ki, sağ qalasınız!
5 Bet-Elə dönməyin,
Qilqala getməyin,
Beer-Şevaya keçməyin,
Çünki sürgün olunmaq hökmən Qilqala gəlir,
Bet-El bir heçə dönəcək”.
6 Rəbbə tərəf dönün ki, sağ qalasınız!
Yoxsa O, Yusif nəslini od kimi yandırıb-yaxacaq,
Bet-Eldəki odu söndürən olmayacaq.
7 Ey ədaləti çevirib acı yovşan edənlər,
Ey salehliyi yerə vurub tapdalayanlar!
8 *Əyy. 9:9; 38:31 Odur Ülkər və Orion bürclərini yaradan,
Qaranlığı aydın səhərə çevirən,
Gündüzü gecə edib qaraldan,
Dəniz sularını götürüb yer üzünə tökən –
Onun adı Rəbdir.
9 Güclüləri ildırım kimi məhv edər,
Qalalarını viran edər.
10 Siz isə haqsızlığa etirazını bildirənlərə,
Düz danışanlara nifrət edirsiniz.
11 Kasıbı ayaq altına saldığınıza görə,
Ondan taxıl qopardığınıza görə
Yonulmuş daşdan evlər tikib
Onların içində yaşamayacaqsınız.
Gözəl üzümlüklər salıb
Onların şərabını içməyəcəksiniz.
12 Çünki cinayətlərinizin çox,
Günahlarınızın ağır olduğunu bilirəm.
Ey salehi incidənlər, rüşvət alanlar,
Möhtacların haqqını tapdalayanlar!
13 Bu zəmanə o qədər pisdir ki,
Ağlı başında olan susur.
14 Pislikdən yaxşılığa dönün ki, sağ qalasınız!
Beləcə iddia etdiyiniz kimi
Ordular Allahı Rəbb,
Həqiqətən, sizə yar olacaq.
15 Pisliyə nifrət edin,
Yaxşılığı sevin,
Məhkəmədə ədalətə üstünlük verin.
Bəlkə Ordular Allahı Rəbb
Qalan Yusif övladlarına lütf edər.
İsrail üçün fəğan
16 Ordular Allahı Xudavənd Rəbb belə deyir:
“Bütün meydanlardan fəğan qopacaq,
Bütün küçələrdə ah-zar edəcəklər.
Fəğan edən mərsiyə oxuyanlarla
Kəndlilər yas tutmağa çağırılacaqlar.
17 Bütün üzüm bağlarından da fəğan qopacaq,
Çünki aranızdan Mən keçəcəyəm” Rəbb belə deyir.
İsrailin saxta inamının aqibəti
18 Vay halınıza, ey Rəbbin gününün həsrətini çəkənlər!
Rəbbin günü siz nə əldə edəcəksiniz?
İşıq yox, qaranlıq.
19 Şirdən qaçan adamın qarşısına ayı necə çıxarsa
Yaxud evə gəlib əlini divara dayayanı ilan necə çalarsa,
20 Rəbbin günü də eləcə işıq yox, qaranlıq olmayacaqmı?
O, zülmətdir, onda nur yoxdur.
21 *Yeş. 1:11-14 Rəbb belə deyir:
“Bayramlarınıza nifrət edirəm,
Xor baxıram,
Təntənəli toplantılarınızdan iyrənirəm.
22 Mənə yandırma qurbanlarınızı,
Taxıl təqdimlərinizi gətirsəniz də, razı qalmayacağam.
Mənə kökəldilmiş heyvanlarınızdan
Ünsiyyət qurbanı təqdim etsəniz də,
Onlara nəzər salmayacağam.
23 Gurultulu ilahilərinizi Məndən uzaq edin!
Çənglərinizin səsinə qulaq asmayacağam.
24 Lakin qoy ədalət sular kimi tökülsün,
Salehlik davamlı sel kimi axsın!
25 *Həv. 7:42-43 Ey İsrail nəsli,
Qırx il çöldə olanda Mənə qurban və təqdimlər gətirmişdinizmi?
26 Öz düzəltdiyiniz saxta Sakkut padşahınızı,
Kiyun bütlərinizi, ulduz allahlarınızı gəzdirmişdinizmi?
27 Elə buna görə də sizi
Dəməşqin o tayına sürgünə aparacağam” Rəbb belə deyir.