7 Surdan dəniz səyahətimizə davam edərək Ptolemaisə gəldik və orada imanlı bacı-qardaşlara baş çəkib bir gün yanlarında qaldıq. 8 [a]Ertəsi gün onlardan ayrılıb Qeysəriyyəyə gəldik. Yeddi köməkçidən biri olan müjdəçi Filipin evinə gedib orada qaldıq. 9 Bu kişinin peyğəmbərlik edən dörd subay qızı var idi. 10 [b]Oraya çatandan bir neçə gün sonra Yəhudeyadan Aqab adlı bir peyğəmbər gəldi. 11 O bizə yaxınlaşıb Paulun kəmərini götürüb öz əllərini və ayaqlarını bağlayaraq dedi: «Müqəddəs Ruh belə deyir: “Yəhudilər bu kəmərin sahibini Yerusəlimdə belə bağlayıb başqa millətlərə təslim edəcəklər”». 12 Bu sözləri eşidəndə həm biz, həm də oranın sakinləri Paula yalvardıq ki, Yerusəlimə getməsin. 13 Buna cavab olaraq Paul belə dedi: «Nə olub? Niyə ağlayıb ürəyimi sızladırsınız? Mən Rəbb İsanın adı uğrunda Yerusəlimdə təkcə əl-ayağımın bağlanmasına deyil, ölümə də hazıram». 14 Paulu razı sala bilmədikdə «Qoy Rəbbin iradəsi olsun!» deyərək susduq.
15 Bir müddət keçəndən sonra biz hazırlıq işlərini görüb Yerusəlimə tərəf getdik. 16 Qeysəriyyədə yaşayan şagirdlərin bəzisi də bizimlə birgə gəldi. Onlar bizi ilk şagirdlərdən biri olan Kiprli Minasonun evinə apardı, çünki biz onların evində qalacaqdıq. 17 Yerusəlimə çatanda imanlı bacı-qardaşlar bizi sevinclə qarşıladılar. 18 Ertəsi gün Paulla birlikdə Yaqubu görməyə getdik. Cəmiyyət ağsaqqallarının hamısı oraya yığılmışdı. 19 Paul onlardan hal-əhval tutandan sonra öz xidməti ilə əlaqədar olaraq Allahın başqa millətlər arasında gördüyü işlərdən ətraflı məlumat verdi. 20 Bunları eşidəndə Allahı izzətləndirdilər. Paula dedilər: «Görürsənmi, qardaş, Yəhudilər arasında on minlərlə imanlı var və hamısı Qanunun qeyrətini çəkir. 21 Onlar sənin barəndə xəbər tutublar ki, başqa millətlər arasında yaşayan bütün Yəhudilərə oğullarını sünnət etməyib adət-ənənələrimizə görə yaşamamağı və Musadan dönməyi öyrədirsən. 22 İndi nə edək? Mütləq[c] sənin bura gəldiyini eşidəcəklər. 23 Ona görə sənə dediklərimizə əməl et. Bizim aramızda əhd edən dörd kişi var. 24 Bunları yanına al və onlarla birgə paklanma mərasiminə qoşul. Başlarını qırxdırmaq üçün qurban xərclərini sən çək. Bununla da hamı biləcək ki, sənin haqqında eşitdikləri əsassızdır, sən də Qanuna riayət edirsən. 25 [d]Başqa millətlərdən olan imanlılara gəlincə, biz qərara alıb onlara məktub vasitəsilə yazmışıq ki, bütlərə[e] təqdim olunan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməsinlər, həmçinin özlərini əxlaqsızlıqdan saxlasınlar». 26 Bundan sonra Paul bu dörd kişini yanına alıb ertəsi gün onlarla bərabər özünü pak etdi. Sonra məbədə girərək paklanma dövrünün nə vaxt qurtaracağını, hər birinin adına nə vaxt qurban təqdim ediləcəyini elan etdi.
- a Həv. 6:1-6
- b Həv. 11:28
- c Mütləq – bəzi əlyazmalarda Mütləq camaat buraya yığışacaq, çünki.
- d Həv. 15:28-29
- e Bütlərə – bəzi əlyazmalarda belə qaydalara deyil, yalnız bunlara riayət etsinlər: bütlərə.
- f Həv. 20:4
- g Qatil – bu orijinalda sikari sözü olub latın dilində xəncər işlədən mənasını verir. Sikarilər Roma işğalçılarına qarşı mübarizə edərkən terrora əl atan ifratçı yəhudilər idi.