6 Peter Hirodun ona məhkəmə quracağı günün əvvəlki gecəsi iki əsgər arasında bir cüt zəncirə bağlanmış halda yatırdı. Qarovulçular da qapıda dayanıb zindanın təhlükəsizliyini qoruyurdu. 7 Qəflətən Rəbbin bir mələyi göründü. Zindanın otağı işıqlandı. Mələk Peterin böyrünə vurub onu oyatdı və dedi: «Tez ol, qalx». O andaca Peterin biləklərindəki zəncirlər düşdü. 8 Mələk ona dedi: «Qurşağını bağla, çarığını geyin». Peter belə də etdi. Mələk yenə dedi: «Üst paltarını geyin, ardımca gəl». 9 Peter onun ardınca düşərək bayıra çıxdı. Amma mələyin etdiyinin həqiqi olduğunu başa düşmürdü, elə bilirdi ki, bir görüntü görür. 10 Birinci, ikinci qarovulçunun yanından keçərək şəhərə açılan dəmir darvazaya çatdılar. Onların qarşısında darvaza öz-özünə açıldı. Onlar çıxıb küçə uzunu getdilər. Birdən mələk Peterdən ayrıldı. 11 O andaca özünə gələn Peter dedi: «İndi əminliklə başa düşdüm ki, Rəbb Öz mələyini göndərib məni Hirodun əlindən və Yəhudi xalqının gözlədiyi bütün bəlalardan qurtardı».
12 Peter bunları dərk edəndə Mark adlanan Yəhyanın anası Məryəmin evinə getdi. Orada xeyli adam yığılıb dua edirdi. 13 Peter həyət qapısını döyməyə başladı və Roda adlı bir qarabaş eşidib qapıya getdi. 14 Qız Peteri səsindən tanıdı və sevincindən qapını belə, açmadan yenə evə qaçdı. Oradakılara xəbər verdi ki, Peter qapıda dayanıb. 15 Onlar isə belə dedilər: «Dəli olmusan?» Amma qız dediyinin üstündə durdu. Belə olanda dedilər: «Yəqin onu qoruyan mələkdir». 16 Peter isə dayanmadan qapını döyürdü. Qapını açıb onu görəndə mat qaldılar. 17 Peter əli ilə susmaq işarəsi verərək Rəbbin onu necə zindandan çıxardığını nəql etdi. Sonra «bu xəbəri Yaquba və o biri qardaşlara da çatdırın» deyərək onlardan ayrılıb başqa yerə getdi.
18 Səhər açılanda əsgərləri böyük bir vahimə bürüdü. Bir-birlərindən soruşdular: «Bəs Peter necə oldu?» 19 Hirod onu axtartdı. Tapa bilməyəndə isə qarovulçuları sorğu-suala çəkdirəndən sonra edam edilmələrinə əmr verdi.
- ~2~ Yerusəlimdəki öz xidmətlərini … geri qayıtdı – bəzi əlyazmalarda öz xidmətlərini … Yerusəlimdən qayıtdı.