17 Peter bu görüntünün mənası barədə fikirləri ilə çaşbaş qalanda Kornelinin göndərdiyi adamlar Şimonun evini soruşurdular. Onlar qapı ağzında dayanıb 18 bərkdən soruşdular: «Peter deyə çağırılan Şimon burada qalırmı?» 19 Bu zaman görüntü barədə fikirləşən Peterə Ruh belə dedi: «Bax səni üç kişi axtarır. 20 Dur, aşağı en və heç tərəddüd etmədən onlarla get. Çünki onları Mən göndərmişəm». 21 Peter aşağı enib həmin adamlara dedi: «Axtardığınız adam mənəm. Niyə gəlmisiniz?» 22 Onlar dedilər: «Korneli adlı bir yüzbaşı var. O, saleh və Allahdan qorxan kişidir; buna bütün Yəhudi milləti də şahiddir. Müqəddəs bir mələk ona əmr etdi ki, səni öz evinə çağırtdırsın və deyəcəyin sözlərə qulaq assın». 23 Bundan sonra Peter onları içəri dəvət edib qonaq saxladı.
34 [h]Peter sözə başlayıb dedi: «İndi bildim ki, həqiqətən, Allah tərəfkeşlik etmir. 35 Milliyətindən asılı olmayaraq kim ki Ondan qorxub əməlisaleh olarsa, Ona məqbuldur. 36 O, İsrail övladlarına Öz kəlamını göndərdi və hamının Sahibi olan İsa Məsih vasitəsilə barışdırma Müjdəsini yaydı. 37 Bilirsiniz ki, Yəhyanın vəftiz üçün çağırışından sonra Qalileyadan başlayaraq bütün Yəhudeyada nələr baş verdi. 38 Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısını sağaltdı. Çünki Allah Ona yar idi. 39 Yəhudilərin ölkəsində və Yerusəlimdə İsanın nələr etdiyinin şahidi olduq. Onu çarmıxa çəkib[i] öldürdülər. 40-41 Amma Allah Onu üçüncü gün diriltdi və bütün xalqa deyil, əvvəlcədən seçdiyi Öz şahidlərinə – ölülər arasından dirilməsindən sonra Onunla birlikdə yeyib-içən bizlərə aydın göstərdi. 42 Bizə isə əmr verdi ki, “Allahın təyin etdiyi ölülərlə dirilərin Hakimi Budur” deyə bunu xalqa şəhadət etməklə vəz edək. 43 Onun barəsində bütün peyğəmbərlər şəhadət edir ki, Ona iman edən hər kəsin günahı Onun adı ilə bağışlanır».
44 Peter bu sözləri deyirdi ki, Müqəddəs Ruh söhbətə qulaq asan hər kəsin üzərinə endi. 45 Peterlə birlikdə gəlmiş sünnətli imanlılar Müqəddəs Ruhun bəxşiş olaraq başqa millətlərin də üstünə töküldüyünə mat qaldı; 46 onların başqa dillərdə danışıb Allahı mədh etdiyini eşitdilər. Onda Peter belə dedi: 47 «Bu adamlar bizim kimi Müqəddəs Ruhu alıb. Bunların su ilə vəftiz olmalarına kim mane ola bilər?» 48 Beləliklə, onların İsa Məsihin adı ilə vəftiz olmalarını buyurdu. Sonra onlar Peterdən xahiş etdilər ki, bir neçə gün onların yanında qalsın.
<- HƏVARİLƏRİN İŞLƏRİ 9HƏVARİLƏRİN İŞLƏRİ 11 ->- a Doqquzuncu saat – hazırkı vaxtla günortadan sonra saat üç.
- b Qonaqdır – bəzi əlyazmalarda qonaqdır. O sənə nə etməlisən deyəcək, bəzilərində isə qonaqdır. Onun sənə deyəcəyi sözlərlə həm sən, həm də külfətin xilas olacaq (Həv. 11:14).
- c Altıncı saat – hazırkı vaxtla günorta saat on iki.
- d Sürünənlər – bəzi əlyazmalarda çöl heyvanları, sürünənlər.
- e Vaxtlarda – bəzi əlyazmalarda vaxtlarda oruc tutub.
- f Doqquzuncu saat – hazırkı vaxtla günortadan sonra saat üç.
- g Qonaqdır – bəzi əlyazmalarda qonaqdır. O gəlib sənə hər şeyi danışacaq.
- h Qanun. 10:17
- i Çarmıxa çəkib – hərfi tərcümədə ağacdan asıb.