5 Padşah Davud adam göndərib Lo-Devardan Ammielin oğlu Makirin evindən Mefiboşeti gətirtdi. 6 Şaul oğlu Yonatanın oğlu Mefiboşet Davudun yanına gəldi və üzünü yerə qoyub təzim etdi. Davud dedi: «Mefiboşet!» O «Budur, qulun özüdür ki, var!» dedi. 7 Davud ona dedi: «Qorxma, atan Yonatanın xatirinə mütləq sənə yaxşılıq edəcəyəm və baban Şaulun bütün torpağını sənə qaytaracağam. Sən həmişə mənim süfrəmdə yemək yeyəcəksən». 8 Mefiboşet təzim edib dedi: «Axı bu qulun kimdir ki? Mənim kimi ölü bir köpəyə tərəf nə üçün üz tutursan?»
9 Padşah Şaulun xidmətçisi Sivanı çağırıb dedi: «Şaula və onun nəslinə aid olan hər şeyi sənin ağanın nəvəsinə verdim. 10 Ağanızın nəvəsinin torpağını sən, oğulların və qulların becərəcək. Məhsulunu ona verəcəksiniz ki, azuqəsi olsun. Ağanızın nəvəsi Mefiboşet isə həmişə mənim süfrəmdə yemək yeyəcək». Sivanın on beş oğlu və iyirmi qulu var idi. 11 Siva padşaha dedi: «Mən ağam padşahın bu quluna əmr etdiyi hər şeyi edəcəyəm». Beləliklə, Mefiboşet padşah oğullarından biri kimi Davudun süfrəsində yemək yeyirdi.
12 Mefiboşetin kiçik bir oğlu var idi. Onun adı Mika idi. Sivanın evində yaşayanların hamısı Mefiboşetin xidmətçiləri idi. 13 Bundan sonra Mefiboşet Yerusəlimdə qaldı, çünki həmişə padşahın süfrəsində yemək yeyirdi. O, iki ayağından şikəst idi.
<- İKİNCİ ŞAMUEL 8İKİNCİ ŞAMUEL 10 ->