Link to home pageLanguagesLink to all Bible versions on this site
23
Davudun son sözləri
1 Davudun son sözləri bunlardır:
Yessey oğlu Davud deyir,
Allahın ucaltdığı adam,
Yaqubun Allahının məsh etdiyi,
İsrailin sevimli məzmur şairi belə söyləyir:
2 Rəbbin Ruhu mənim vasitəmlə söylədi,
Onun sözü dilimin ucundadır.
3 İsrailin Allahı belə dedi,
İsrailin Qayası mənə belə söylədi:
İnsanlar üstündə doğruluqla hökm edən,
Allah qorxusu ilə səltənət sürən şəxs
4 Buludsuz bir səmada gün doğarkən sübh şəfəqi kimidir,
Şüası yağışdan sonra yerdən təzə ot bitirir.
 
5 Həqiqətən, mənim evim Allahla belə deyilmi?
Çünki O mənimlə əbədi əhd bağladı,
Kamil və tam təminatlı əhd bağladı,
Qurtuluşumu və arzumu tam həyata keçirməzmi?
6 Bütün yaramazlar tikanlar kimi atılacaq.
Onlara heç kim əl vurmayacaq.
7 Lakin onlara toxunanlar
Dəmirlə və nizə sapı ilə silahlanmalıdırlar.
Yaramazlar yerindəcə tamamilə yandırılacaqlar.
Davudun igid döyüşçüləri
(1Saln. 11:10-47)

8 Davudun igid döyüşçülərinin adları belədir: Taxkemonlu Yoşev-Başşevet «üç igid»in *Üç igid – bax: 1Saln. 11:12. başçısı idi. O, nizəsini qaldırıb O, nizəsini qaldırıb – qədim yunan tərcüməsində belədir, ibrani mətnində isə o, Esnili Adino idi, çünki… Bax: 1Saln. 11:11. bir hücumda səkkiz yüz nəfəri vurub öldürmüşdü.

9 Ondan sonra Axoah nəslindən Dodo oğlu Eleazar idi. O, döyüş üçün orada yığılan Filiştlilərə meydan oxunanda Davudun yanındakı «üç igid»dən biri idi. İsraillilər döyüş meydanından geriyə çəkiləndə 10 Eleazar möhkəm dayandı və qılınc çəkib əlləri taqətdən düşənə qədər Filiştliləri qırdı. Rəbb o gün İsraillilərə böyük qələbə bəxş etdi. İsraillilər onun ardınca yalnız talan malı götürmək üçün qayıtdılar.

11 Ondan sonra Hararlı Age oğlu Şamma idi. Filiştlilər Laxidə yığılmışdılar. Orada mərci əkilən bir tarla sahəsi vardı. Xalq Filiştlilərin önündən qaçdı. 12 Lakin Şamma tarlanın ortasında durub oranı qorudu və Filiştliləri qırdı. Rəbb İsraillilərə böyük bir zəfər verdi.

13 Biçin zamanı otuz başçı arasından «üç igid» Davudun yanına – Adullam mağarasına getdi. Filiştlilərin bir döyüş dəstəsi Refaim vadisində ordugah qurmuşdu. 14 Bu zaman Davud qalada idi. Filiştlilərin bir keşikçi dəstəsi isə Bet-Lexemdə idi. 15 Davud həsrət çəkərək dedi: «Kaş ki biri Bet-Lexem darvazası yanındakı quyudan mənə içmək üçün su gətirəydi!» 16 Bu «üç igid» Filiştlilərin ordugahını yararaq darvazanın yanında olan Bet-Lexem quyusundan su çəkdi və onu götürüb Davuda gətirdi. Lakin Davud bu suyu içmək istəmədi və onu Rəbbə təqdim olaraq yerə tökdü. 17 O dedi: «Ya Rəbb, bunu etmək qoy məndən uzaq olsun, canlarını təhlükəyə salaraq gedən adamların qanındanmı içəcəyəm?» Buna görə də bu suyu içmək istəmədi. Bunları «üç igid» etmişdi.

18 Yoavın qardaşı Seruya oğlu Avişay bu «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb üç yüz nəfəri qırdı. Buna görə də onun adı «üç igid»in adı qədər şöhrətləndi. 19 Əslində «üç igid»dən daha şöhrətli idi və onlara başçı oldu, lakin «üç igid» kimi deyildi.

20 Yehoyada oğlu Benaya da böyük işlər görən igid adam idi. O, Qavseeldən gəlmişdi. Benaya iki Moavlı igidi öldürdü. O, qarlı gündə çuxura enib bir şir öldürdü. 21 O həm də qədd-qamətli bir Misirlini vurub öldürdü. Misirlinin əlində nizə vardı. Benaya onun üstünə dəyənəklə getdi və Misirlinin əlindən nizəsini çəkib aldı, onu öz nizəsi ilə öldürdü. 22 Bunları Yehoyada oğlu Benaya etdi. Buna görə də onun «üç igid» qədər şöhrəti var idi. 23 O, «otuz igid»dən daha məşhur idi, lakin «üç igid» kimi deyildi. Davud onu öz mühafizəçilərinə başçı qoydu.

24 «Otuz igid»in arasında olanlar: Yoavın qardaşı Asahel, Bet-Lexemli Dodo oğlu Elxanan, 25 Xarodlu Şamma və Eliqa, 26 Peletli Xeles, Teqoalı İqqeş oğlu İra, 27 Anatotlu Aviezer, Xuşalı Mevunnay, 28 Axoahlı Salmon, Netofalı Mahray, 29 Netofalı Baana oğlu Xelev, Binyamin övladlarından Givealı Rivay oğlu Yettay, 30 Piratonlu Benaya, Qaaş vadilərindən Hidday, 31 Aravalı Avi-Alvon, Barxumlu Azmavet, 32 Şaalvonlu Elyaxba, Yaşenin oğulları Yonatan, 33 Hararlı Şamma, Ararlı Şarar oğlu Axiam, 34 Maakalı Axasbay oğlu Elifelet, Gilolu Axitofel oğlu Eliam, 35 Karmelli Xesro, Aravalı Paaray, 36 Sovalı Natan oğlu İqal, Qadlı Bani, 37 Ammonlu Seleq, Seruya oğlu Yoavın silahdarı olan Beerotlu Naxray, 38 Yeterli İra və Yeterli Qarev, 39 Xetli Uriya. Hamısı birlikdə otuz yeddi nəfər idi.

<- İKİNCİ ŞAMUEL 22İKİNCİ ŞAMUEL 24 ->