6 Ordu çölə, İsrail xalqına qarşı döyüşə çıxdı və döyüş Efrayim meşəsində oldu. 7 İsrail xalqı orada Davudun adamları qarşısında məğlub oldu. O gün o yerdə böyük qırğın oldu, iyirmi min nəfər qırıldı. 8 Orada olan döyüş bütün ətrafa yayıldı və həmin gün qılıncla qırılanlardan çox meşədə qırılanlar oldu.
9 Avşalom Davudun adamlarına rast gəldi. O, qatıra minmişdi və qatır böyük bir palıd ağacının sıx budaqları altından keçəndə Avşalomun saçı palıd ağacına ilişdi. O, göylə yer arasında asılı qaldı, altındakı qatır isə yoluna davam etdi.
10 Bir nəfər bunu görüb Yoava xəbər verdi: «Bax Avşalomun bir palıd ağacından asıldığını gördüm». 11 Yoav ona xəbər verən adama dedi: «Bəs sən gördünsə, nə üçün onu oradaca vurub yerə sərmədin? Onda mən sənə on şekel gümüş və bir kəmər verərdim». 12 Həmin adam Yoava dedi: «Ovcuma min gümüş alsam belə, padşahın oğluna əl qaldırmaram. Çünki sənə, Avişaya və Yettaya “mənim xatirimə o cavana – Avşaloma qıymayın” deyə əmr etdiyini qulaqlarımızla eşitdik. 13 Əgər mən xəyanət edib onun canını almış olsaydım, heç bir şey padşah üçün gizli qalmazdı və sən də mənə kömək etməzdin». 14 Yoav «səninlə belə vaxt itirə bilmərəm» dedi. Avşalom palıd ağacının içində hələ sağ ikən Yoav əlinə üç mizraq alıb onun sinəsinə sapladı. 15 Yoavın silahlarını daşıyan on nəfər cavan adam Avşalomu əhatə edərək onu vurub öldürdü.
16 Yoav şeypur çaldı və ordu İsrailliləri təqib etməkdən əl çəkdi, çünki Yoav buna mane oldu. 17 Avşalomu isə götürüb meşədəki dərin çuxura atdılar və üstünə böyük daş qalağı yığdılar. Sonra İsraillilər öz evlərinə dağılışdılar. 18 Avşalom hələ sağ ikən bir sütunu götürüb özü üçün tikdirmişdi, çünki «adımı yaşadan bir oğlum olmadı» deyərək həmin sütuna öz adını qoymuşdu. Bu sütun Padşah Vadisindədir və bu günə qədər ona Avşalomun abidəsi deyilir.
24 Davud içəri və çöl darvazaların arasında oturmuşdu. Növbətçi divara, darvazanın üstünə çıxdı, başını qaldırıb gördü ki, bir adam təkbaşına qaçır. 25 Növbətçi qışqıraraq padşaha xəbər verdi. Padşah dedi: «Əgər o tək gəlirsə, müjdə gətirir». Həmin adam getdikcə yaxınlaşırdı. 26 Növbətçi qaçan başqa bir adam gördü və qapıçıya qışqırıb «bax təkbaşına qaçan daha bir adam da gəlir» dedi. Padşah dedi: «O da müjdəçidir». 27 Növbətçi dedi: «Baxıram, birincisinin qaçışı Sadoq oğlu Aximaasın qaçışına bənzəyir». Padşah dedi: «O yaxşı adamdır, müjdə ilə gəlir».
28 Aximaas bərkdən padşaha belə dedi: «Salamatlıqdır». Sonra padşaha təzim edib üzüstə yerə döşəndi və dedi: «Allahın Rəbbə alqış olsun ki, ağam padşaha əl qaldıranları Rəbb ona təslim etdi». 29 Padşah dedi: «O cavan – Avşalom salamatdırmı?» Aximaas dedi: «Yoav padşahın bir qulunu və mən qulunu göndərən zaman gördüm ki, orada böyük bir qarışıqlıq var, lakin nə olduğunu bilmədim». 30 Padşah dedi: «Çəkil, bir yanda dayan». O da çəkilib bir yanda dayandı.
31 Budur, Kuşlu gəldi və dedi: «Ağam padşaha müjdə var! Rəbb bu gün sənə qarşı qalxanların hamısının əlindən səni qurtardı». 32 Padşah Kuşluya dedi: «O cavan – Avşalom salamatdırmı?» Kuşlu dedi: «Ağam padşahın düşmənləri, pis niyyətlə sənə qarşı qalxanların hamısı qoy o cavan kimi olsun». 33 Padşah həyəcandan titrəyərək darvazanın üstündəki otağa qalxdı və ağladı. Gedə-gedə belə deyirdi: «Oğlum Avşalom, oğlum, oğlum Avşalom! Kaş sənin yerinə mən öləydim, oğlum! Oğlum, Avşalom!»
<- İKİNCİ ŞAMUEL 17İKİNCİ ŞAMUEL 19 ->