5 Avşalom dedi: «İndi isə Arklı Xuşayı da çağır, bir onun da dediyinə qulaq asaq». 6 Xuşay Avşalomun yanına gəldi. Avşalom ona müraciət edib dedi: «Axitofel belə bir məsləhət verdi. Onun təklifinə əməl edəkmi? Əgər belə etməyəcəyiksə, sən məsləhətini ver». 7 Xuşay dedi: «Axitofelin bu dəfə verdiyi məsləhət yaxşı deyil». 8 Sonra Xuşay sözünə davam etdi: «Bilirsən ki, atan və adamları igiddir. Onlar çöldə balalarından məhrum olan ayı kimi qəzəbli adamlardır. Atan isə təcrübəli cəngavərdir, o xalqla bir yerdə gecələməz. 9 Bax indi mağaraların birində yaxud başqa bir yerdə gizlənmişdir. İlk həmlədə sizlərdən qırılanlar olsa, hər eşidən “Avşalomun ardınca gedən xalqın arasında qırğın var” deyəcək. 10 Aslan ürəyi kimi ürəyi olan igid oğul da bundan tamamilə yumşalıb əriyəcək. Çünki bütün İsrail bilir ki, atan qoçaqdır və onunla əlbir olan adamlar da igiddir. 11 Lakin mən belə məsləhət verirəm: Dandan Beer-Şevaya qədər bütün İsraillilər dəniz kənarında qum kimi yanına yığılsın və döyüşə şəxsən sən gedəsən. 12 Davudun qaldığı yerlərin birində onun üstünə gedərək torpağa düşən şeh kimi onların üstünə elə səpələnərik ki, nə özü, nə də ki yanındakı adamlardan biri belə, sağ qalmaz. 13 Əgər o bir şəhərə çəkilibsə, o zaman bütün İsraillilər oraya iplər gətirər və yerdə kiçik bir çınqıl belə, qalmayana qədər şəhəri vadiyə çəkib atarıq». 14 Avşalomla bütün İsrail adamları dedilər: «Arklı Xuşayın məsləhəti Axitofelin məsləhətindən yaxşıdır». Çünki Rəbb Avşalomun başına fəlakət gətirmək üçün Axitofelin yaxşı məsləhətinin pozulmasına qərar vermişdir.
21 Avşalomun adamları gedəndən sonra Yonatanla Aximaas quyudan çıxdı və gedib padşah Davuda xəbər verərək dedi: «Qalxın, tez axar sulardan keçin, çünki Axitofel sizə qarşı bu cür məsləhət verib». 22 Davud və yanında olan bütün xalq qalxıb İordan çayını keçdilər və səhər açılana qədər çayı keçməmiş adam qalmadı. 23 Axitofel görəndə ki işlər onun məsləhətinə görə edilməyib, eşşəyinin üstünə palan vuraraq yola çıxdı və öz şəhərinə, öz evinə getdi. Ev işlərini nizama salandan sonra özünü asıb öldürdü və onu atasının qəbri yanında basdırdılar.
24 Davud Maxanayimə gəldi. Avşalomla yanında olan bütün İsraillilərsə İordan çayını keçdilər. 25 Avşalom Amasanı Yoavın yerinə ordu başçısı qoymuşdu. Amasa Yoavın anası Seruyanın bacısı, Naxaşın qızı Aviqailin yanına girmiş olan İsrailli Yetra adlanan bir adamın oğlu idi. 26 İsraillilərlə Avşalom Gilead torpağında ordugah qurdu.
27 Belə oldu ki, Davud Maxanayimə gələndə Ammon oğullarının Rabba şəhərindən Naxaş oğlu Şovi, Lo-Devardan Ammiel oğlu Makir və Rogelimdən Gileadlı Barzillay 28 Davudla yanındakı camaata döşəklər, ləyənlər, gil qablar, yemək üçün buğda, arpa, un, qovurğa, paxla, mərci və qovrulmuş dən, 29 bal və kəsmik, qoyun və inək pendiri gətirdilər. Çünki düşünürdülər ki, xalq çöldə ac, yorğun və susuzdur.
<- İKİNCİ ŞAMUEL 16İKİNCİ ŞAMUEL 18 ->