Link to home pageLanguagesLink to all Bible versions on this site
12
Natan peyğəmbərin Davuda məzəmməti
1 *Zəb. 51 başlıq Rəbb Natanı Davudun yanına göndərdi. Natan onun yanına gəlib belə nəql etdi: «Bir şəhərdə iki adam var idi. Onlardan biri varlı, o biri isə kasıb idi. 2 Varlı adamın çoxlu sürüləri və naxırı var idi. 3 Lakin kasıb adamın satın alıb bəslədiyi bir körpə dişi quzudan başqa heç nəyi yox idi. O, quzusunu öz yanında uşaqları ilə bərabər böyütmüş, ona öz yeməyindən yedirtmiş, öz içdiyi qabdan su içirtmiş və qoynunda yatırtmışdı. Quzu ona doğma qızı kimi idi. 4 Bir gün varlı adamgilə yadelli bir qonaq gəlir. Varlı adam onlara gələn qonağa yemək hazırlamaq üçün öz sürüsündən və naxırından heyvan götürüb kəsməyə qıymadı. O gedib kasıbın quzusunu götürüb kəsdi və yanına gələn qonağa yemək hazırladı». 5 O adama qarşı Davudun qəzəbi alovlandı və Natana dedi: «Var olan Rəbb haqqı, bunu edən adam ölümə layiqdir. 6 Bu işi gördüyünə və rəhmsizliyinə görə o, quzunun əvəzini dördqat verəcək».

7 Natan Davuda dedi: «O adam sənsən! İsrailin Allahı Rəbb belə deyir: “Mən səni İsrailin üzərində padşah olaraq məsh etdim və səni Şaulun əlindən qurtardım. 8 Sənə ağanın evini verdim. Ağanın arvadlarını qoynunda yatırıb İsraillə Yəhuda nəslini sənə verdim. Əgər bu sənə azlıq edirdisə, Mən sənə daha nələri, nələri əlavə edərdim. 9 Nə üçün Rəbbin gözündə pis olan işi etdin? Niyə Onun sözünə xor baxdın? Xetli Uriyanın arvadını özünə arvad etmək üçün onu qılıncla öldürtdürdün. Uriyanı Ammon övladlarının qılıncı ilə öldürtdürdün. 10 Bundan sonra heç vaxt qılınc sənin evindən ayrılmayacaq, çünki sən Mənə xor baxdın və Xetli Uriyanın arvadını özünə arvad etdin”. 11 *2Şam. 16:22 Rəbb belə deyir: “Bax sənə qarşı pisliyi öz nəslindən çıxaracağam və sənin gözünün önündə arvadlarını götürüb yaxınına verəcəyəm. O da göz görə-görə, gündüzün günorta çağı sənin arvadlarınla yatacaq. 12 Bu işi sən gizli etdinsə, Mən bu işi bütün İsraillilərin qarşısında gündüzün günorta çağı etdirəcəyəm”».

13 Davud Natana dedi: «Mən Rəbbə qarşı günah etdim». Natan Davuda dedi: «Rəbb sənin günahını sildi, ölməyəcəksən. 14 Lakin bunu etməklə Rəbbin düşmənlərinə böyük fürsət verdin ki, Ona küfr etsinlər. Ona görə də mütləq səndən doğulan uşaq öləcək».

Davudun uşağının ölümü
15 Sonra Natan evinə qayıtdı. Rəbb Davudun Uriyanın dul arvadından olan uşağını vurdu və uşaq xəstələndi. 16 Davud uşaq üçün Allaha yalvardı və oruc tutaraq otağına girib bütün gecəni quru yerdə uzandı. 17 Evinin ağsaqqalları onu yerdən qaldırmaq üçün yanında dayandılar, lakin o qalxmaq istəmədi və onlarla birgə çörək yemədi. 18 Yeddinci gün körpə öldü. Davudun əyanları uşağın öldüyünü ona bildirməyə qorxdular və belə düşündülər: «Uşaq sağ ikən onu dilə tutduq, lakin sözümüzə qulaq asmadı. İndi uşağın öldüyünü ona necə söyləyək? Özünə bir xətər yetirər». 19 Davud əyanlarının pıçıldaşmasını görəndə başa düşdü ki, uşaq ölüb və əyanlarına «Uşaq öldümü?» dedi. Onlar «öldü» dedilər.

20 Davud yerdən qalxdı, yuyunub başına zeytun yağı sürtdü və paltarlarını dəyişərək Rəbbin evinə gedib səcdə qıldı. Evə qayıdıb yemək istəyəndə qarşısına yemək qoydular və o yedi. 21 Əyanları ona dedi: «Bu nə işdir edirsən? Körpə sağ ikən nə üçün oruc tutub ağladın, körpə öləndə isə durub çörək yedin?» 22 Davud cavab verdi: «Uşaq sağ olanda oruc tutub ağlayırdım və deyirdim ki, kim bilir, bəlkə Rəbb mənə lütf edər, uşaq sağ qalar. 23 Lakin indi uşaq ölüb, nə üçün oruc tutum? Məgər onu geri qaytara bilərəmmi? Mən onun yanına gedəcəyəm, o mənim yanıma qayıtmayacaq».

Süleymanın anadan olması
24 Davud arvadı Bat-Şevaya təsəlli verdi və yanına girib onunla yatdı. Bat-Şeva bir oğul doğdu və adını Süleyman qoydu. Rəbb bu uşağı sevdi. 25 O, Natan peyğəmbəri göndərdi və o da Rəbbin naminə uşağın adını Yedidyah *Yedidyah – ibrani dilində Rəbbin sevimlisi. qoydu.
Yenidən müharibənin başlanması
(1Saln. 20:1-3)

26 Yoav Ammon övladlarının Rabba şəhərinə hücum edib padşah qalasını aldı. 27 Sonra Yoav Davudun yanına qasidlər göndərib belə dedi: «Rabbaya hücum edib ehtiyat su mənbələrini aldım. 28 İndi isə sən xalqın qalan hissəsini topla və şəhərə qarşı ordugah qurub oranı al ki, mən gedib oranı almayım və o yer adımla çağırılmasın». 29 Davud da bütün xalqı toplayıb Rabbaya getdi və şəhərə hücum edib oranı aldı. 30 Davud onların padşahının başından tacını götürdü. Tac qızıldan olub çəkisi bir talant idi. Onun üzərində qiymətli daş var idi. Bu tac Davudun başına qoyuldu. Davud bu şəhərdən çoxlu qənimət apardı. 31 O, şəhərdə olan xalqı köçürüb mişar, dəmir külüng, dəmir balta ilə görülən işlərdə və kərpic emalında işlətdi. Davud Ammonluların bütün şəhərlərində belə edəndən sonra bütün xalqla birgə Yerusəlimə qayıtdı.

<- İKİNCİ ŞAMUEL 11İKİNCİ ŞAMUEL 13 ->