4 Peyğəmbərin nökəri olan bu cavan oğlan Ramot-Gileada getdi. 5 Oraya gəlib gördü ki, qoşun başçıları burada oturmuşlar. O dedi: «Ey rəis, sənə sözüm var». Yehu dedi: «Aramızdan kimə?» Nökər dedi: «Ey rəis, sənə». 6 [a] Yehu qalxıb içəri girdi. Nökər yağı onun başına töküb dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Səni Rəbbin xalqı olan İsrail üzərində padşah olmaq üçün məsh etdim. 7 Ağan Axavın nəslini qırıb məhv edəcəksən. Qullarım peyğəmbərlərin və Rəbbin bütün qullarının qanı üçün Mən İzeveldən qisasımı alacağam. 8 Bütün Axav nəsli məhv olacaq: İsraildə Axavdan divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam. 9 Axavın nəslini Nevat oğlu Yarovamın və Axiya oğlu Baaşanın nəsilləri kimi edəcəyəm. 10 [b] İzeveli isə İzreel tarlasında köpəklər yeyəcək və onu basdıran olmayacaq”». Sonra o, qapını açıb qaçdı.
11 Yehu çıxıb ağasının adamlarının yanına gəldi. Onlardan biri Yehuya dedi: «Xeyir ola? Bu dəli sənin yanına nə üçün gəlib?» Yehu onlara dedi: «Onun necə adam olduğunu və nə deyəcəyini bilirsiniz». 12 Onlar dedilər: «Yalan deyirsən! Onun nə dediyini bizə bildir». Yehu dedi: «Mənə söylədi ki, Rəbb belə deyir: “Səni İsrail üzərində padşah olmaq üçün məsh etdim”». 13 Hamı tez qalxıb öz paltarını götürdü və onları pilləkənin üstünə – Yehunun ayağı altına sərdi. Onlar şeypur çalıb «Yehu padşahdır!» dedilər.
17 İzreeldəki qüllə üzərində duran gözətçi Yehunun oraya yaxınlaşan qoşununu görüb dedi: «Qoşun görürəm». Yehoram dedi: «Bir atlı götürüb onları qarşılamağa göndər ki, soruşsun: “Xeyir ola?”» 18 Bir atlı Yehunu qarşılamağa getdi və ona dedi: «Padşah soruşur: “Xeyir ola?”» Yehu dedi: «Xeyirdən sənə nə? Dön, dalımca gəl». Gözətçi dedi: «Qasid onların yanına gəldi, ancaq geri qayıtmır». 19 İkinci atlını göndərdilər, o da Yehunun yanına gəlib dedi: «Padşah soruşur: “Xeyir ola?”» Yehu dedi: «Xeyirdən sənə nə? Dön, dalımca gəl». 20 Gözətçi dedi: «Qasid onların yanına gəldi, ancaq geri qayıtmır. Araba sürməyi Nimşi oğlu Yehunun sürməyinə oxşayır, çünki o dəli kimi sürür».
21 Yehoram dedi: «Arabamı qoş». Onun arabasını qoşdular. İsrail padşahı Yehoram və Yəhuda padşahı Axazya öz arabalarında Yehunu qarşılamağa çıxdılar və İzreelli Navotun tarlasında onunla rastlaşdılar. 22 Yehoram Yehunu görəndə soruşdu: «Xeyir ola, Yehu?» Yehu dedi: «Anan İzevelin xainlikləri və cadugərlikləri bu qədər çox olduğu halda necə xeyir ola bilər?» 23 Yehoram arabasını döndərdi və Axazyaya «Xəyanət, ey Axazya!» deyib qaçdı. 24 Yehu ox-kamanını çəkdi və Yehoramı kürəyindən vurdu. Ox onun ürəyindən keçib çıxdı və o öz arabasına yıxıldı. 25 Yehu padşahın köməkçisi Bidqara dedi: «Onu götürüb İzreelli Navotun tarlasına at. Yadına sal, mən səninlə birgə onun atası Axavın dalınca gedərkən Rəbb ona qarşı belə söyləmişdi: 26 [d] “Navotun və onun oğullarının qanı dünən Mənim gözümün qabağına gəldi” bəyan edir Rəbb. “Səndən bu tarlada qisas alacağam” bəyan edir Rəbb. İndi Rəbbin sözünə görə onu götürüb tarlaya at».