1 Padşah Yəhuda və Yerusəlimin bütün ağsaqqallarını çağırtdırıb öz yanına topladı. 2 Padşah, onunla birgə bütün Yəhuda adamları, Yerusəlimdə yaşayanların hamısı, kahinlər, peyğəmbərlər və böyükdən kiçiyə qədər bütün xalq Rəbbin məbədinə qalxdı. O, Rəbbin məbədində tapılmış Əhd kitabının bütün sözlərini onlara eşitdirərək oxudu. 3 Padşah sütunun yanında dayandı. O, Rəbbin önündə əhd bağladı ki, Rəbbin ardınca gedib Onun əmrlərinə, göstərişlərinə, qaydalarına bütün qəlbi, bütün varlığı ilə əməl etsin və bu kitabda yazılmış əhdin sözlərini yerinə yetirsin. Bütün xalq da onunla birgə əhd bağladı.
15 [f] Həmçinin Bet-Eldə olan qurbangahı və İsrailə günah etdirmiş Nevat oğlu Yarovamın düzəltdiyi səcdəgahı dağıtdı. O, səcdəgahı yandırdı və əzib toz etdi, Aşera bütünü də yandırdı. 16 [g] Yoşiya dönüb qarşısındakı dağda olan qəbirləri gördü və sümükləri qəbirlərdən götürtdü. Bu işləri qabaqcadan söyləyən Allah adamının dediyi Rəbbin sözünə görə onları qurbangah üzərində yandırıb onu murdar etdi. 17 [h] Yoşiya dedi: «Orada gördüyüm abidə nədir?» Şəhərin adamları ona dedilər: «Yəhudadan gələn Allah adamının qəbridir. O, Bet-El qurbangahına qarşı sənin etdiyin bu işləri qabaqcadan söyləmişdi». 18 O dedi: «Ona toxunmayın, heç kəs onun sümüklərini narahat etməsin». Onun və Samariyadan gələn peyğəmbərin sümüklərinə toxunmadılar. 19 Yoşiya Samariya şəhərlərində olan bütün səcdəgahlardakı məbədləri aradan qaldırdı. İsrail padşahları bu məbədləri tikib Rəbbi qəzəbləndirmişdilər. O, Bet-Eldə etdiyi bütün işləri bu yerlərdə də etdi. 20 Yoşiya qurbangahların üstündə həmin səcdəgahlardakı bütün kahinləri qurban gətirdi və insan sümükləri yandırdı. Sonra Yerusəlimə qayıtdı.
21 Padşah bütün xalqa əmr edib dedi: «Bu Əhd kitabında yazıldığına görə Allahınız Rəbb üçün Pasxa bayramını keçirin». 22 İsrailə hökm edən hakimlərin dövründən bəri, İsrail və Yəhuda padşahlarının bütün dövrü boyu Pasxa bayramı belə keçirilməmişdi. 23 Ancaq Yoşiyanın padşahlığının on səkkizinci ilində bu Pasxa Rəbb üçün Yerusəlimdə keçirildi.
24 Bundan başqa, Yoşiya Rəbbin məbədində kahin Xilqiyanın tapdığı kitabda yazılan Qanunun sözlərinə əməl edərək cindarları və ruhçağıranları, ev bütlərini və başqa bütləri – Yəhuda ölkəsində və Yerusəlimdə gözünə dəyən bütün mənfur şeyləri məhv etdi. 25 Musanın bütün Qanununa görə bütün qəlbi, bütün varlığı, bütün gücü ilə onun kimi Rəbbə üz tutan bir padşah nə ondan əvvəl, nə də ondan sonra oldu.
26 Ancaq Menaşşenin Rəbbi qəzəbləndirmək üçün etdiyi bütün əməllərindən ötrü Rəbb Yəhudalılara qarşı alovlanan böyük qəzəbindən dönmədi. 27 Rəbb dedi: «İsrailliləri gözümün önündən rədd etdiyim kimi Yəhudalıları da rədd edəcəyəm, seçdiyim şəhər Yerusəlimdən və “adım orada olacaq” dediyim məbəddən üz döndərəcəyəm».
28 Yoşiyanın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 29 [i] Onun dövründə Misir padşahı firon Neko Fərat çayına tərəf Aşşur padşahının üstünə hücum etmək istədi. Padşah Yoşiya onunla qarşılaşmağa çıxdı. Firon Neko Yoşiya ilə Megiddoda qarşılaşıb onu öldürdü. 30 Adamları onun cəsədini Megiddodan götürüb araba ilə Yerusəlimə gətirdilər və öz qəbrində basdırdılar. Ölkə xalqı Yoşiyanın oğlu Yehoaxazı götürüb məsh etdi və onu atasının yerinə padşah etdi.
31 Yehoaxaz padşah olduğu vaxt iyirmi üç yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi. 32 O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. 33 Firon Neko Xamat torpağındakı Rivlada onu əsir aldı ki, Yerusəlimdə padşahlıq edə bilməsin. O, ölkə üzərinə bir talant qızıl və yüz talant gümüş miqdarında xərac qoydu. 34 [j] Firon Neko Yoşiyanın oğlu Elyaqimi atası Yoşiyanın yerinə padşah etdi və onun adını dəyişdirib Yehoyaqim qoydu. Yehoaxazı isə götürüb apardı. Yehoaxaz Misirə gəlib orada öldü. 35 Yehoyaqim firona qızıl-gümüş verdi və fironun istədiyi qədər gümüş vermək üçün ölkə üzərinə vergi qoydu. O, firon Nekoya vermək üçün ölkə xalqından hər kəsə təyin olunmuş məbləğə görə qızıl-gümüş alırdı.
36 [k] Yehoyaqim padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Rumalı Pedayanın qızı olub adı Zevida idi. 37 O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.
<- İKİNCİ PADŞAHLAR 22İKİNCİ PADŞAHLAR 24 ->