Link to home pageLanguagesLink to all Bible versions on this site

1 O zaman Süleyman dedi: «Rəbb istədi ki, qatı qaranlıqda məskən salsın. 2 Mən Sənin üçün uca bir məbəd tikdim ki, Sənin əbədi yaşayacağın yer olsun».

Süleymanın xalqa müraciəti
(1Pad. 8:12-21)

3 Padşah dönüb bütün İsrail camaatına xeyir-dua verdi. Bu zaman bütün İsrail camaatı ayaq üstə durmuşdu. 4 *2Şam. 7:1-13; 1Saln. 17:1-12 Padşah dedi: «İsrailin Allahı Rəbbə alqış olsun ki, atam Davuda Öz ağzı ilə dediyini Öz əli ilə yerinə yetirdi. O söyləmişdi: 5 “Mən xalqımı Misir torpağından çıxartdığım gündən bəri bir məbəd tikmək üçün İsrailin heç bir qəbiləsindən şəhər seçməmişdim ki, adım üstündə olsun. Xalqım İsrail üzərində hökmdar olmaq üçün bir adam da seçməmişdim. 6 İndi isə adım orada olsun deyə Yerusəlimi seçmişəm və xalqım İsrail üzərində hökmdar olmaq üçün Davudu seçmişəm”. 7 Atam Davudun ürəyində İsrailin Allahı Rəbbin adına bir məbəd tikmək istəyi var idi. 8 Lakin Rəbb atam Davuda dedi: “Sən yaxşı eləmisən ki, Mənim adıma bir məbəd tikmək niyyətinə düşmüsən. 9 Ancaq məbədi sən tikməyəcəksən, sənin belindən gələn oğlun Mənim adıma məbəd tikəcək”. 10 Rəbb vəd etdiyini yerinə yetirdi: belə ki mən atam Davudun yerinə qalxdım, Rəbbin dediyi kimi İsrail taxtında oturdum və İsrailin Allahı Rəbbin adına məbəd tikdim. 11 Sandığı oraya qoydum. Rəbbin İsrail övladları ilə bağladığı əhd onun içindədir».

Süleymanın duası
(1Pad. 8:22-53)

12 Süleyman Rəbbin qurbangahı önündə, bütün İsrail camaatının qarşısında durub əllərini göyə açdı. 13 O, tuncdan uzunluğu ilə eni beş qulac, hündürlüyü isə üç qulac olan bir kürsü düzəldib həyətin ortasına qoymuşdu və indi onun üstündə dururdu. Bütün İsrail camaatı önündə diz çöküb əllərini göyə açdı. 14 Süleyman dedi: «Ya Rəbb, İsrailin Allahı! Nə göydə, nə də yerdə Sənin kimi Allah yoxdur. Sən bütün ürəkləri ilə yolunla gedən qullarına əhdini və lütfünü saxlayırsan. 15 Sən qulun atam Davuda verdiyin vədə əməl etdin, Öz dilinlə söylədiyini bu gün Öz əlinlə yerinə yetirdin. 16 *1Pad. 2:4 Ya Rəbb İsrailin Allahı, indi də qulun atam Davuda dediyin sözə əməl et. Özün söyləmişdin: “Sən yolumla getdiyin kimi oğulların da qanunuma görə əməl edərək öz yollarına diqqət edərlərsə, İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq”. 17 Ey İsrailin Allahı Rəbb, indi qulun atam Davuda dediyin sözü təsdiq et!

18 *2Saln. 2:6 Lakin, doğrudan da, Allah yerdə, insanların yanında yaşayarmı? Sən göyə və göylərin göyünə sığmazsan, o ki qaldı mənim tikdiyim məbədə! 19 Ancaq Sən bu qulunun duasına və yalvarışına nəzər sal, ya Rəbb Allahım, bu gün onun önündə etdiyi fəryadı və duanı eşit. 20 *Qanun. 12:11 Qoy Sənin nəzərin gecə-gündüz bu məbədin üstündə olsun. Bu yer barədə Sən demisən ki, adını orada qoyursan. Qulunun buraya üz tutub etdiyi duanı eşit. 21 Bu yerə tərəf dua etdikləri vaxt Öz qulunun və xalqın İsrailin yalvarışlarını Sən eşit, göydən – Öz məskənindən eşit və bağışla!

22 Əgər bir adam öz yaxınına qarşı günah edərsə və ondan and içmək tələb olunarsa, o da gəlib bu məbəddə, Sənin qurbangahın önündə and içərsə, 23 o vaxt Sən göydən eşit və belə et, qulların üzərində hökm et: əməlini öz başına döndərərək müqəssiri ittiham et və təqsirsizə salehliyinə görə bəraət ver.

24 Əgər xalqın İsrail Sənə qarşı günah etdiyi üçün düşmən önündə məğlub olsa və onlar təkrar Sənə dönüb adını dillərinə gətirsələr və bu məbəddə Sənə yalvarıb fəryad etsələr, 25 o vaxt Sən göydən eşit və xalqın İsrailin günahını bağışla, onları yenə özlərinə və atalarına verdiyin torpağa qaytar.

26 Əgər xalqın Sənin önündə günah etdiyi üçün göy bağlanıb yağış yağmayan vaxt bu yerə tərəf dua edərək adını dillərinə gətirsələr və Sən onlara bəla göndərdiyin vaxt öz günahlarından dönsələr, 27 o vaxt Sən göydə eşit, qullarının və xalqın İsrailin günahını bağışla və gedəcəkləri doğru yolu onlara göstər. Xalqına irs kimi verdiyin torpağına da yağış göndər.

28 Əgər ölkədə aclıq, vəba olarsa, səmum küləyi ya kif, çəyirtkə ya bitki qurdu olarsa, əgər düşmən onları ölkənin hər hansı bir şəhərində mühasirəyə alarsa – hansı bəla, hansı xəstəlik olursa-olsun – 29 kimsə tərəfindən yaxud da bütün xalqın İsrail tərəfindən bir dua və yalvarış olarsa, hər kəs öz bəlasını və dərdini bilib bu məbədə tərəf əllərini açsa, 30 o vaxt Sən göydən – Öz məskənindən eşit və bağışla. Ürəyini bildiyin hər adama bütün əməllərinə görə əvəz ver, çünki insan ürəklərini yalnız Sən bilirsən. 31 Ta ki onlar atalarımıza verdiyin torpaqda yaşadıqları bütün günlər boyu Sənin yolunla getmək üçün Səndən qorxsun.

32 Əgər xalqın İsraildən olmayan yadelli də uzaq ölkədən gəlsə, Sənin böyük adın, qüdrətli əlin və uzanan qolun barədə eşidib bu məbədə tərəf dua etsə, 33 o vaxt Sən göydən – Öz məskənindən eşit və yadellinin Sənə fəryad etdiyi hər şeyi et ki, yer üzünün bütün xalqları da Sənin adını tanısın, xalqın İsrail kimi Səndən qorxsun və tikdiyim bu məbədin Sənin adınla çağırıldığını bilsin.

34 Əgər xalqın göndərdiyin yolla düşmənlərinə qarşı müharibəyə çıxsa və Sənin seçdiyin bu şəhərə tərəf, Sənin adına tikdiyim məbədə doğru üz çevirib Sənə dua etsə, 35 Sən göydən onların dualarını və yalvarışlarını eşit, onların tərəfində ol.

36 Əgər onlar önündə günah etsələr – çünki günah etməyən insan yoxdur – Sən qəzəblənib onları düşmənə təslim etsən və düşmən onları əsir edib yaxın ya uzaq torpağına aparsa, 37 onlar əsirlikdə olduqları ölkədə ürəklərini döndərib tövbə etsələr və Sənə dua edərək “biz günah və haqsızlıq etdik, pislik etdik” desələr, 38 onların əsir olunub aparıldığı ölkədə bütün ürəkləri və canları ilə Sənə tərəf dönsələr, atalarına verdiyin torpağa, seçdiyin şəhərə və adına tikdiyim məbədə tərəf üz tutub Sənə dua etsələr, 39 o vaxt Sən göydən – Öz məskənindən onların dua və yalvarışlarını eşit və onların tərəfində ol. Sənin önündə günah edən xalqını bağışla. 40 İndi, ey Allahım, Sənə yalvarıram, bu yerdə edilən duanı gözlərin görsün və qulaqların eşitsin.

41 Ya Rəbb Allah, qüvvənin rəmzi olan sandığınla birgə,
Gücün rəmzi olan sandığınla birgə
İstirahət edəcəyin yerə qalx.
Ya Rəbb Allah, kahinlərin zəfərinlə əhatə olunsun,
Möminlərin xeyirxahlığına görə sevinsin.
42 Ya Rəbb Allah, məsh etdiyindən üz döndərmə,
Qulun Davuda göstərdiyin məhəbbətini yada sal».

<- İKİNCİ SALNAMƏLƏR 5İKİNCİ SALNAMƏLƏR 7 ->