10 Adamlar belə də etdilər. İki sağmal inək gətirib arabaya qoşdular və balalarını da evdə bağladılar. 11 Rəbbin sandığı ilə bərabər içərisində siçovulların və şişlərin qızıl surətləri yığılmış mücrünü də arabaya qoydular. 12 İnəklər birbaşa Bet-Şemeşə gedən yolla sağa-sola dönmədən, böyürə-böyürə getdilər. Filiştlilərin ağaları isə onları Bet-Şemeş sərhədinə qədər ötürdülər.
13 O zaman Bet-Şemeşlilər zəmidə buğda biçirdilər. Onlar başlarını qaldırıb sandığı görəndə sevindilər. 14 Araba Bet-Şemeşli Yeşuanın zəmisinə girib böyük bir daşın yanında dayandı. Bet-Şemeşlilər arabanın ağaclarını qırdılar, inəkləri isə Rəbbə yandırma qurbanı verdilər. 15 Levililər Rəbbin sandığını və onun yanındakı qızıl əşyalar yığılmış mücrünü arabadan endirib böyük bir daşın üstünə qoydular. O gün Bet-Şemeşlilər Rəbbə yandırma qurbanı verib başqa qurbanlar da kəsdilər. 16 Filiştlilərin beş ağası bu hadisəni gördükdən sonra həmin gün Eqrona qayıtdı.
17 Filiştlilərin təqsir təqdimi olaraq Rəbbə gətirdikləri qızıl şişlərin hər biri Aşdod, Qəzzə, Aşqelon, Qat, Eqron üçün olub bu şəhərlərin sayına görə idi. 18 Qızıl siçovullar isə qala divarlı şəhərlərlə ətraf kəndlər də daxil olmaqla beş ağaya məxsus Filişt şəhərlərinin sayına görə beş dənə idi. Bet-Şemeşli Yeşuanın zəmisində Rəbbin sandığı qoyulan böyük daş bu günə qədər şahid kimi qalmaqdadır. 19 Rəbbin sandığının içinə baxdıqları üçün Allah Bet-Şemeşliləri də vurdu və əlli ailədən yetmiş nəfəri [a] öldürdü. Xalq isə Rəbbin onların başına gətirdiyi müsibətə görə yas tutdu. 20 Bet-Şemeşlilər dedilər: «Bu müqəddəs Allah olan Rəbbin qarşısında kim dayana bilər? Bizdən sonra kimin yanına gedəcək?» 21 Sonra Qiryat-Yearim əhalisinə qasidlər göndərib dedilər: «Filiştlilər Rəbbin sandığını geri qaytardılar, gəlin onu aparın».
<- BİRİNCİ ŞAMUEL 5BİRİNCİ ŞAMUEL 7 ->- a Əlli ailədən yetmiş nəfəri – yaxud əlli min yetmiş nəfər.