12 Sonra Yonatan Davuda dedi: «İsrailin Allahı Rəbbə and olsun, sabah yaxud o birisi gün bu vaxtlar mən atamdan fikrini öyrənərəm. Əgər, həqiqətən, Davuda qarşı fikri yaxşıdırsa, bu xəbəri sənə çatdıraram. 13 Yox, əgər sənə pislik etmək atamın xoşuna gəlirsə və mən bunu sənə deməsəm, salamat gedəsən deyə səni yola salmasam, Rəbb Yonatana beləsini və bundan betərini etsin. Rəbb necə atamla oldusa, qoy səninlə də elə olsun. 14 Əgər sağ qalaramsa, Rəbbin sədaqətini mənə göstərərsən. Yox, əgər ölsəm, 15 [b] bu sədaqəti Rəbb Davudun bütün düşmənlərini yer üzündən silən zaman da heç vaxt evimdən kəsməyəcəksən». 16 Yonatan Davud nəsli ilə əhd bağlayıb dedi: «Qoy Rəbb Davudun düşmənlərini Özü cəzalandırsın!» 17 Yonatan Davuda olan sevgisi naminə bir də ona and içdirdi, çünki onu öz canı kimi sevirdi.
18 Yonatan dedi: «Sabah Təzə Ay mərasimidir, yerin boş olduğu üçün səni axtaracaqlar. 19 Üç gün qalandan sonra tezdən bura enərsən və əvvəl gizləndiyin yerə gəlib Ezel [c] daşının yanında oturarsan. 20 Mən hədəfə atan kimi daşın bir tərəfinə üç ox atacağam. 21 Sonra “get oxları tap” deyərək bir uşaq göndərəcəyəm. Bax əgər uşağa “oxlar burada – sənin yanındadır, get onları oradan götür” desəm, yanıma gəl, çünki sənin üçün salamatlıqdır və var olan Rəbbə and olsun, heç bir şey yoxdur. 22 Lakin əgər uşağa “oxlar səndən uzaqdadır” desəm, öz yolunla çıx get, çünki Rəbb səni uzağa göndərmişdir. 23 Aramızda danışdığımız sözə gəlincə, bil ki, Rəbb əbədi olaraq səninlə mənim aramdadır».
24 Davud çöldə gizləndi. Təzə Ay mərasimi başlayarkən padşah yeməyə oturdu. 25 Həmişəki kimi padşah öz yerində – divarın yanında oturdu. Yonatan ayağa qalxdı və Avner Şaulun yanında oturdu. Davudun yeri isə boş idi. 26 Şaul o gün bir söz demədi, çünki elə düşünürdü ki, Davudun başına nə isə gəlib. Yəqin ki natəmizdir. 27 Ertəsi gün – Təzə Ay mərasiminin ikinci günü Davudun yeri yenə də boş idi və Şaul oğlu Yonatana dedi: «Nə üçün Yesseyin oğlu nə dünən, nə də bu gün yeməyə gəlməyib?» 28 Yonatan Şaula belə cavab verdi: «Davud Bet-Lexemə getmək üçün təkidlə məndən izin istədi. 29 Mənə dedi: “Rica edirəm, izin ver gedim, çünki şəhərdə ailəmizin qurbanı var. Orada olmağımı böyük qardaşım mənə əmr etmişdi. Əgər indi gözündə lütf tapmışamsa, rica edirəm, məni burax, gedim qardaşlarımla görüşüm”. Buna görə də padşahın süfrəsinə gələ bilməyib».
30 Yonatana qarşı Şaulun qəzəbi alovlandı və ona belə dedi: «Ey xəyanətkar və dönük qadının oğlu, öz rüsvayçılığına görə, ananın biabırçılığına görə Yesseyin oğlunu özünə dost seçdiyini guya mən bilmirəm? 31 Nə qədər ki Yesseyin bu oğlu yer üzündə yaşayır, nə sən rahat olacaqsan, nə də padşahlığın. İndi isə adam göndər, qoy onu yanıma gətirsin, çünki o mütləq ölməlidir». 32 Yonatan atası Şaula cavab verdi: «Axı nə üçün ölməlidir? O nə edib ki?» 33 Şaul Yonatanı öldürmək üçün nizə atdı. Onda Yonatan atasının Davudu öldürmək niyyətində olduğunu başa düşdü. 34 Yonatan qızğın qəzəblə süfrə üstündən qalxdı. Təzə ayın ikinci günündə yemək yemədi, çünki atası Davuda namərdlik etdiyi üçün qanı qaralmışdı.
35 Səhəri gün erkən Yonatan Davudla təyin etdiyi vaxt çölə getdi. Yanında kiçik bir uşaq var idi. 36 O, uşağa dedi: «Qaç, indi atacağım oxları tap». Uşaq qaçarkən Yonatan onun başı üzərindən bir ox atdı. 37 Uşaq Yonatanın atdığı oxun yanına çatanda Yonatan uşağı arxadan çağırıb dedi: «Ox səndən uzaqda deyilmi?» 38 Yonatan uşağı yenə arxadan çağırıb «Tez ol, qaç, dayanma!» dedi. Yonatanın nökəri oxu götürüb ağasının yanına gəldi. 39 Lakin uşağın heç nədən xəbəri yox idi. Bu işi ancaq Yonatanla Davud bilirdi. 40 Yonatan silahlarını uşağa verib dedi: «Get, bunları şəhərə apar». 41 Uşaq gedəndən sonra Davud daşın cənub tərəfindən çıxıb üzüstə yerə sərildi və üç dəfə onun qarşısında əyildi. Onlar öpüşüb ağlaşdılar, Davud daha çox ağladı. 42 Yonatan Davuda dedi: «Sağ-salamat get, çünki “səninlə mənim aramda və sənin övladlarınla mənim övladlarım arasında əbədilik Rəbb olacaq” deyərək ikimiz də Rəbbin isminə and içmişik». Bundan sonra Davud qalxıb öz yolu ilə getdi, Yonatan isə şəhərə qayıtdı.
<- BİRİNCİ ŞAMUEL 19BİRİNCİ ŞAMUEL 21 ->- a Say. 28:11
- b 2Şam. 9:1
- c Ezel – ibrani dilində ayrılıq.