7 Avdiya yolda ikən İlyas ona rast gəldi. O, İlyası tanıdı və üzüstə yerə döşənib dedi: «Ağam İlyas, bu sənsənmi?» 8 İlyas dedi: «Mənəm. Get, ağana de ki, İlyas buradadır». 9 O dedi: «Nə günah etmişəm ki, mən qulunu öldürmək üçün Axavın əlinə verirsən? 10 Allahın var olan Rəbbə and olsun ki, ağamız səni axtarmağa adam göndərmədiyi bir millət, bir padşahlıq qalmadı. Onlar “o burada yoxdur” dedikləri vaxt həmin padşahlığa və millətə səni tapmadıqlarına and içdirdi. 11 Amma indi sən deyirsən: “Get, ağana de ki, İlyas buradadır”. 12 Sənin yanından getdiyim vaxt Rəbbin Ruhu səni bilmədiyim bir yerə aparacaq. Mən də gedib Axava bildirəndə o səni tapmayacaq və məni öldürəcək. Ancaq bu qulun cavanlığından bəri Rəbdən qorxur. 13 İzevel Rəbbin peyğəmbərlərini qırıb öldürən zaman mənim etdiyim iş ağama bildirilmədimi? Mən onda Rəbbin peyğəmbərlərindən yüz nəfəri əlli-əlli olaraq mağaralarda gizlətdim, onları çörək və su ilə təmin etdim. 14 İndi sən deyirsən: “Get, ağana de ki, İlyas buradadır”. Axı o məni öldürər». 15 İlyas dedi: «Önündə durduğum var olan Ordular Rəbbinə and olsun ki, bu gün hökmən ona görünəcəyəm».
20 Axav bütün İsrail övladlarını və peyğəmbərləri Karmel dağına çağırtdırdı. 21 İlyas bütün xalqın yanına gəlib dedi: «Nə vaxta qədər iki tərəfə əyiləcəksiniz? Əgər Rəbb Allahdırsa, Ona xidmət edin, yox, Baal Allahdırsa, onda ona xidmət edin». Xalq onun sözünə cavab vermədi. 22 Onda İlyas xalqa dedi: «Rəbbin peyğəmbərlərindən təkcə mən qaldım, amma Baalın peyğəmbərləri dörd yüz əlli nəfərdir. 23 İndi qoy bizə iki buğa verilsin: onlar özləri üçün bir buğa seçsinlər, onu doğrayıb odunların üstünə qoysunlar, ancaq od vurmasınlar. Mən isə başqa buğanı hazırlayıb onu odunların üstünə qoyacağam, ancaq od vurmayacağam. 24 Siz öz allahınızın adını çağırın, mən də Rəbbin adını çağıracağam; hansı odla cavab verərsə, Allah odur». Bütün xalq cavab verib «qoy belə olsun» dedi.
25 İlyas Baal peyğəmbərlərinə dedi: «Bir buğanı özünüz üçün seçin və məndən əvvəl onu hazırlayın, çünki siz çoxsunuz. Siz öz allahınızın adını çağırın, ancaq od vurmayın». 26 Onlar özlərinə verilən buğanı götürüb hazırladılar və səhərdən günortaya qədər «Ey Baal, bizə cavab ver!» deyə Baalın adını çağırdılar, ancaq heç səs-soraq çıxmadı. Onlar düzəltdikləri qurbangahın ətrafında gəzərək atılıb-düşdülər. 27 Günorta olanda İlyas onları lağa qoyub dedi: «Onu uca səslə çağırın. O ki allahdır, bəlkə fikrə gedib yaxud bayıra çıxıb ya da səfərdədir? Bəlkə də yatıb, oyatmaq lazımdır?» 28 Onlar uca səslə çağırdılar və adətlərinə görə bədənlərindən qan axana qədər qılınc və nizələrlə özlərini yaraladılar. 29 Günorta keçincə, axşam qurbanı təqdim olunan vaxta qədər coşub dəlilik etdilər, ancaq nə bir səs-soraq verən, nə də bir qulaq asan var idi.
30 İlyas bütün xalqa dedi: «Mənim yanıma gəlin». Bütün xalq onun yanına gəldi. O, Rəbbin dağıdılmış qurbangahını bərpa etdi. 31 [a] İlyas Yaqub oğulları qəbilələrinin sayına görə on iki daş götürdü, çünki Yaquba «sənin adın İsrail olacaq» deyə Rəbbin sözü nazil olmuşdu. 32 İlyas daşlarla Rəbbin adına qurbangah tikdi. O, qurbangahın ətrafında iki sea toxum tutacaq qədər bir xəndək düzəltdi. 33 Odunları düzdü, buğanı doğrayıb odunların üzərinə qoydu və 34 dedi: «Dörd səhəng su gətirin, onu yandırma qurbanının və odunların üstünə tökün». Sonra o dedi: «İkinci dəfə edin». Onlar ikinci dəfə etdilər. O dedi: «Üçüncü dəfə edin». Onlar üçüncü dəfə etdilər. 35 Su qurbangahın ətrafına axdı və xəndək də su ilə doldu.
36 Axşam qurbanı təqdim edilən vaxt peyğəmbər İlyas qabağa çıxıb dedi: «Ey İbrahimin, İshaqın və İsrailin Allahı Rəbb! Qoy bu gün bilinsin ki, İsraildə Sən Allahsan və mən Sənin qulunam, bütün bu işləri də Sənin sözünlə etdim. 37 Səsimi eşit, ya Rəbb, mənə cavab ver. Qoy bu xalq bilsin ki, Sən Allahsan, ya Rəbb, onda onların ürəyini Özünə tərəf döndərəcəksən».
38 O vaxt Rəbdən od düşdü, yandırma qurbanını, odunları, daşları, torpağı yandırıb-yaxdı və xəndəkdə olan suyu uddu. 39 Bütün xalq bunu gördü və onlar üzüstə düşüb dedilər: «Rəbb Allahdır! Rəbb Allahdır!» 40 İlyas onlara dedi: «Baal peyğəmbərlərini tutun, onlardan bir nəfər də qaçıb qurtarmasın». Onları tutdular. İlyas onları Qişon vadisinə endirib orada öldürdü.