1 Yarovam buxur yandırmaq üçün qurbangahın yanında durduğu vaxt bir Allah adamı Rəbbin sözü ilə Yəhudadan Bet-Elə gəlib 2 [a] Rəbbin adından qurbangaha müraciətlə dedi: «Qurbangah, ay qurbangah! Rəbb belə deyir: “Budur, Davudun nəslində bir oğlan uşağı doğulacaq, onun adı Yoşiya olacaq. O sənin üstündə, orada buxur yandıran səcdəgahların kahinlərini qurban edib insan sümükləri yandıracaq”». 3 Allah adamı həmin gün bir əlamət verib dedi: «Rəbbin söylədiyi əlamət budur: “Bu qurbangah bölünəcək və üstündəki kül töküləcək”». 4 Padşah Yarovam Allah adamının Bet-Eldə qurbangaha müraciətlə dediyi sözü eşidəndə qurbangahın üzərindən əlini uzadıb «onu tutun» dedi. Onun Allah adamına qarşı uzatdığı əli qurudu və əlini özünə tərəf döndərə bilmədi. 5 Allah adamının Rəbbin sözü ilə verdiyi əlamətə görə qurbangah bölündü və kül qurbangahdan töküldü.
6 Onda padşah Allah adamına dedi: «Allahın Rəbbi rəhmə gətir və mənim üçün dua et ki, əlimi özümə tərəf döndərə bilim». Allah adamı Rəbbi rəhmə gətirdi və padşahın əli özünə tərəf dönüb əvvəlki kimi oldu. 7 Padşah Allah adamına dedi: «Mənimlə birgə evə gedib nahar edək. Mən sənə hədiyyə verərəm». 8 Allah adamı isə padşaha dedi: «Sən mənə malının yarısını da versən, səninlə getmərəm, bu yerdə çörək yeyib su içmərəm. 9 Çünki Rəbbin sözü ilə mənə belə əmr gəldi: “Orada çörək yeyib su içmə və getdiyin yolla geri qayıtma”». 10 Allah adamı başqa yolla getdi və Bet-Elə gəldiyi yolla geri qayıtmadı.
20 Onlar süfrə arxasında oturarkən onu yoldan qaytaran peyğəmbərə Rəbbin sözü nazil oldu. 21 O, Yəhudadan gələn Allah adamına müraciətlə dedi: «Rəbb belə deyir: “Sən Rəbbin sözünə qarşı getdin və Allahın Rəbbin sənə etdiyi əmrə əməl etmədin, 22 geri qayıdaraq Onun sənə ‹çörək yeyib su içmə› dediyi yerdə çörək yeyib su içdin. Buna görə də cəsədin atalarının qəbrinə girməyəcək”».
23 Yoldan qaytardığı peyğəmbər çörək yeyib su içdikdən sonra qoca peyğəmbər onun üçün eşşəyi palanladı. 24 Allah adamı getdi, yolda ona bir şir rast gəldi və onu öldürdü. Onun cəsədi yola sərilmişdi və eşşək onun yanında dayanmışdı, şir də cəsədin yanında durmuşdu. 25 Adamlar onların yanından keçirdilər, yola sərilmiş cəsədi, cəsədin yanında durmuş şiri gördülər və gəlib qoca peyğəmbərin yaşadığı şəhərdə söylədilər.
26 Onu yoldan qaytaran peyğəmbər bunu eşidib dedi: «O, Rəbbin sözünə qarşı gedən Allah adamıdır. Rəbb də ona söylədiyi sözə görə onu şirə verdi və şir onu didib öldürdü». 27 O, oğullarına dedi: «Mənim üçün eşşəyi palanlayın». Onlar eşşəyi palanladılar. 28 O gedib yola sərilmiş cəsədi tapdı. Eşşək və şir cəsədin yanında durmuşdu. Şir cəsədi yeməmiş və eşşəyə toxunmamışdı. 29 Qoca peyğəmbər Allah adamının cəsədini götürüb eşşəyin üstünə qoydu və yas tutub onu basdırmaq üçün öz şəhərinə geri gətirdi. 30 Onun cəsədini özünün qəbrinə qoydu. «Ah, qardaşım!» deyib onun üçün yas tutdular. 31 Onu basdırandan sonra qoca peyğəmbər oğullarına dedi: «Öləndə məni Allah adamının basdırıldığı qəbirdə basdırın, sümüklərimi onun sümüklərinin yanına qoyun. 32 Çünki Bet-Eldə olan qurbangaha və Samariya şəhərlərində olan səcdəgahların bütün ibadət evlərinə müraciətlə deyilmiş Rəbbin sözü hökmən yerinə yetəcək».