1 Ey qardaşlar, mən Allah barəsində sirli həqiqəti*Sirli həqiqəti – bəzi əlyazmalarda şəhadəti. elan etmək üçün sizə gələndə yüksək natiqlik və müdrikliklə gəlmədim. 2 Çünki mən aranızda olanda İsa Məsihdən, yəni çarmıxa çəkilmiş Şəxsdən başqa heç bir şey bilməməyi qərara aldım. 3 *Həv. 18:9Yanınıza zəiflik, qorxu və böyük lərzə içində gəldim. 4 Mənim sözüm də, vəzim də müdrikliyin inandırıcı sözlərindən deyil, Ruhun qüdrətini göstərməsindən asılı idi. 5 Belə ki imanınız insan müdrikliyinə yox, Allahın qüdrətinə əsaslansın.
Allahın müdrikliyi
6 Yetkin insanlar arasında isə biz müdrikliyi öyrədirik. Amma bu müdriklik nə indiki dövrün, nə də bu dövrün fani hökmdarlarının müdrikliyi deyil. 7 Biz Allahdan gələn sirli müdrikliyi öyrədirik. Allah bu müdrikliyi bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən etdi və gizli saxladı. 8 Bu dövrün hökmdarlarından heç biri onu anlamadı. Çünki anlasaydılar, izzətli Rəbbi çarmıxa çəkməzdilər. 9 *Yeş. 64:4Amma necə ki yazılmışdı:
«Allahın Onu sevənlər üçün hazırladıqlarını
Nə göz görüb, nə qulaq eşidib,
Nə də insan ürəyi dərk edib».
10 Bizə isə Allah bunları Öz Ruhu ilə açdı. Çünki Ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə, araşdırır. 11 Axı insanın düşüncələrini insanın daxilində olan ruhdan savayı kim bilər? Eləcə də Allahın düşüncələrini Onun Ruhundan savayı heç kim bilməz. 12 Allahın bizə verdiyi ənamları dərk edə bilməyimiz üçün biz bu dünyanın ruhunu yox, Allahdan olan Ruhu qəbul etdik. 13 Bunları insani müdrikliyin öyrətdiyi deyil, Ruhun öyrətdiyi sözlərlə bildiririk. Ruhani anlayışları ruhani sözlərlə ifadə edirik. 14 Təbiətcə yaşayan adam Allahın Ruhuna aid olan şeyləri qəbul etmir, çünki bunları ağılsızlıq sayır. Bunları başa düşə bilmir, çünki bunlar ruhani nöqteyi-nəzərdən araşdırılır. 15 Ruhani adam isə hər şeyi araşdıra bilər. Fəqət onun daxilini heç kim araşdıra bilməz. 16 *Yeş. 40:13Axı «Rəbbin ağlını kim dərk etdi? Ona kim məsləhətçi oldu?» Amma biz Məsihin ağlına malikik.
<- 1 KORİNFLİLƏRƏ 11 KORİNFLİLƏRƏ 3 ->