1 Şeytan İsraillilərə qarşı qalxdı və Davudu İsrailliləri siyahıya almağa təhrik etdi. 2 Davud Yoava və xalqın başçılarına dedi: «Gedin, Beer-Şevadan Dana qədər İsrailliləri siyahıya alın və siyahını mənə gətirin ki, onların sayını bilim». 3 Yoav dedi: «Rəbb xalqını olduğundan yüz qat artıq etsin. Ancaq, ağam padşah, onların hamısı ağamın qulları deyilmi? Nə üçün ağam bunu istəyir? Nə üçün bu, İsrailə cəza gətirsin?» 4 Lakin padşahın sözü Yoava üstün gəldi. Yoav çıxıb bütün İsraili dolaşdı və sonra Yerusəlimə gəldi. 5 O, xalqın siyahısını Davuda verdi. Bütün İsraildə qılınc çəkən bir milyon yüz min nəfər, Yəhudada isə qılınc çəkən dörd yüz yetmiş min nəfər adam var idi. 6 Ancaq Yoav onların arasında Levililəri və Binyaminliləri siyahıya almadı, çünki padşahın sözündən acığı gəlmişdi.
7 Bu iş Allahın gözündə pis oldu və O, İsrailə cəza verdi. 8 Davud Allaha dedi: «Bu işi görməklə böyük günah etdim. İndi isə, yalvarıram, bu qulunun təqsirindən keç, çünki çox ağılsızlıq etmişəm». 9 Rəbb Davudun görücüsü Qada dedi: 10 «Get, Davuda söylə ki, Rəbb belə deyir: “Sənə üç şey təklif edirəm, özün üçün bunların birini seç ki, sənə edim”». 11 Qad Davudun yanına gəlib ona dedi: «Rəbb belə deyir: “Özün üçün seç: 12 ya üç il aclıq olacaq ya üç ay düşmənlərin səni təqib edəcək və onların qılıncı səni vuracaq ya da üç gün Rəbbin qılıncı olan vəba ölkənin üzərinə gələcək və Rəbbin mələyi İsrailliləri hər yerdə qıracaq”. İndi qərar ver görək məni göndərənə nə cavab verim?» 13 Davud Qada dedi: «Mənim üçün çox çətindir. İnsan əlinə düşüncə qoy Rəbbin əlinə düşüm, çünki Onun rəhmi çox böyükdür».
14 Beləcə Rəbb İsrail üzərinə vəba göndərdi və İsraillilərdən yetmiş min nəfər həlak oldu. 15 Allah Yerusəlimin əhalisini həlak etmək üçün bir mələk göndərdi. Mələk onları həlak edərkən Rəbb bunu görüb bu bəlaya görə təəssüfləndi və həlak edən mələyə dedi: «Bəsdir, əl saxla!» Rəbbin mələyi Yevuslu Ornanın xırmanının yanında dayandı. 16 Davud başını qaldırıb Rəbbin mələyini gördü. Mələk əlindəki sıyrılmış qılıncı Yerusəlimin üzərinə uzadaraq yerlə göyün arasında dayanmışdı. Çula bürünən Davud və ağsaqqallar üzüstə yerə qapandı. 17 Davud Allaha dedi: «Xalqı siyahıya almağı əmr edən mən deyildimmi? Mən günah etdim və həqiqətən, pis iş gördüm, bəs bu yazıq xalq nə edib? Ya Rəbb Allahım, qoy Sənin əlin mənim və ata nəslimin əleyhinə qalxsın, amma Öz xalqına vəba göndərmə».
28 Davud Yevuslu Ornanın xırmanında Rəbbin ona cavab verdiyini gördükdə orada qurban kəsdi. 29 Musanın səhrada düzəltdiyi Rəbbin məskəni və yandırma qurbanları üçün düzəldilən qurbangah o vaxt Giveondakı səcdəgahda idi. 30 Ancaq Davud Allahdan soruşmaq üçün Onun hüzuruna gedə bilmədi, çünki Rəbbin mələyinin qılıncından qorxurdu.
<- BİRİNCİ SALNAMƏLƏR 20BİRİNCİ SALNAMƏLƏR 22 ->