1 [a] Bahar gələndə padşahlar müharibəyə çıxan vaxt Yoav ordusunu səfərə çıxardı. O, Ammonluların ölkəsini viran etdi və gəlib Rabbanı mühasirəyə aldı. Davud isə Yerusəlimdə qaldı. Yoav Rabbanı vurub dağıtdı. 2 Davud onların padşahının başından tacını götürdü. Tac qızıldan olub çəkisi bir talant idi. Onun üzərində qiymətli daş var idi. Bu tac Davudun başına qoyuldu. Davud bu şəhərdən çoxlu qənimət apardı. 3 O, şəhərdə olan xalqı köçürdü və əllərinə mişar, dəmir, külüng və balta verib ağır işlərə qoydu. Davud Ammonluların bütün şəhərlərində belə edəndən sonra xalqın hamısı ilə birgə Yerusəlimə qayıtdı.
4 Bundan sonra Gezerdə Filiştlilərlə döyüş oldu. O zaman Xuşalı Sibbekay Rafa övladlarından [b] Sippayı öldürdü. Beləcə Filiştlilər tabe oldu. 5 [c] Filiştlilərlə daha bir döyüşdə Yair oğlu Elxanan Qatlı Qolyatın qardaşı Laxmini öldürdü. Onun əlindəki nizənin sapı toxucu dəzgahının əriş ağacı boyda idi. 6 Qatda bir də döyüş oldu. Orada Rafa övladlarından digər ucaboy bir adam var idi. Bu adamın əlləri və ayaqları altı barmaqlı idi və cəmi iyirmi dörd barmağı var idi. 7 O, İsrailə meydan oxudu. Onu Davudun qardaşı Şimanın oğlu Yonatan öldürdü. 8 Bunlar Rafa övladlarından olub Qatda doğulmuşdu. Onlar Davudun və onun adamlarının əli ilə qırıldı.
<- BİRİNCİ SALNAMƏLƏR 19BİRİNCİ SALNAMƏLƏR 21 ->- a 2Şam. 11:1
- b Rafa övladları – nəhəng adamlar.
- c 1Şam. 17:4-7